Rusiya: Ukraynada daha 16 yaşayış məntəqəsi nəzarət altına alındı
Rusiya Müdafiə Nazirliyi 15–21 noyabr tarixlərini əhatə edən hərbi əməliyyatlar barədə yaydığı yazılı açıqlamada ordunun Ukraynada müxtəlif istiqamətlərdə irəliləyiş əldə etdiyini bildirib. Rəsmi məlumata görə, bir həftə ərzində Harkiv, Dnepropetrovsk, Zaporojye və Donetsk bölgələrində ümumilikdə 16 yaşayış məntəqəsi Rusiyanın nəzarəti altına keçib.
Nazirlik iddia edir ki, Dnepropetrovsk vilayətində Qay, Neçayevka və Radostnoye, Zaporojye vilayətində Yablokovo, Rovnopolye, Veseloye və Malaya Tokmaçka, Donetsk bölgəsində Platonovka, Novoselovka, Stavki, Maslyakovka və Yampol, Harkiv vilayətində isə Dvureçanskoye, Tseqalnoye, Petropavlovka yaşayış məntəqələri və Kupyansk şəhəri Rusiya qüvvələri tərəfindən “azad edilib”.
Rusiya: Ukrayna ordusuna böyük itkilər verdirildi
Müdafiə Nazirliyinin açıqlamasında həmçinin müharibənin gedişində Ukrayna ordusunun itirdiyi texnika və avadanlıqlara dair rəqəmlər də yer alıb. Rusiya iddia edir ki, müharibə başlayandan bəri Ukraynaya məxsus:
-
668 hərbi təyyarə,
-
283 helikopter,
-
97 600-dən çox pilotsuz uçuş aparatı,
-
637 hava hücumundan müdafiə sistemi,
-
26 156 tank və zirehli texnika,
-
1618 reaktiv yaylım atəşi sistemi,
-
31 452 artilleriya qurğusu və minaatan,
-
47 mindən çox xüsusi hərbi nəqliyyat vasitəsi məhv edilib.
Bu rəqəmlər Ukrayna tərəfindən təsdiqlənmir və müstəqil mənbələr tərəfindən də doğrulanmayıb.
Müharibə xəttində gərginlik davam edir
Ukraynanın şərq və cənub cəbhələrində döyüşlərin intensivliyi azalmaq əlamətləri göstərmir. Hər iki tərəf daha çox ərazi nəzarəti və taktiki üstünlük qazanmaq məqsədi ilə əməliyyatları davam etdirir. Beynəlxalq müşahidəçilər bildirirlər ki, qış fəslinin yaxınlaşması əməliyyatların xarakterini dəyişə bilər, lakin gərginlik yaxın zamanda səngiməyəcək.
