Qəzza müharibəsi israilli əsgərlərdə dərin psixoloji izlər buraxıb
Britaniyanın “İndependent” qəzeti yazır ki, İsrail tarixinin ən uzun müharibəsi minlərlə əsgərdə ciddi psixoloji travmalar yaradıb. Nəşrin məlumatına görə, Qəzza ilə davam edən iki illik münaqişə nəticəsində orduda travma sonrası stress pozğunluğu (PTSD), depressiya və digər psixoloji problemlər geniş yayılıb.
İsrailin Müdafiə Nazirliyi bildirir ki, 2023-cü ilin 7 oktyabrından bəri 11 minə yaxın əsgərdə psixoloji zədələnmə qeydə alınıb. Bu rəqəm 1948-ci ildən bu yana bütün müharibələrdə psixoloji zədələr alan 31 min əsgərin üçdə birindən çoxunu təşkil edir. Nazirliyin təsnifatına görə, bu hallar əsasən travma sonrası stress, narahatlıq, depressiya və digər ruhi pozğunluqları əhatə edir.
İntihar halları sürətlə artır
Qəzet yazır ki, İsrail ordusunda intihar hadisələrinin sayı da son illərdə əhəmiyyətli dərəcədə artıb. Müharibədən öncə orta hesabla hər il 13 əsgər intihar edirdisə, son ildə bu rəqəm 21-ə yüksəlib. Bu statistikaya ordudan tərxis olunandan sonra intihar edənlər daxil deyil.
İsrail parlamentinin ötən ay dərc etdiyi hesabatda isə 2024-cü ilin yanvarından 2025-ci ilin iyulunadək 279 əsgərin intihara cəhd etdiyi, lakin sağ qaldığı qeyd olunur.
“İsrail” ordusunda psixoloji böhran dərinləşir
Müdafiə Nazirliyinin Reabilitasiya İdarəsinin rəhbəri müavini Limor Luriya bildirib ki, indi psixoloji zədələrin fəsadları daha yaxşı dərk olunur və müalicə zəruri hesab edilir. O əlavə edib ki, müasir nəsil əsgərlər əvvəlkilərdən fərqli olaraq yardım almağa daha açıqdır.
İsrail ordusu vəziyyətin daha da pisləşməməsi üçün yüzlərlə hərbi psixoloq və terapevt cəlb edib. Cəbhə bölgələrinə mütəxəssislər göndərilib, xüsusi yardım xətti yaradılıb və tərxis olunan döyüşçülər üçün qrup terapiyaları təşkil edilib.
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, İsrail bu miqyasda psixoloji böhranla mübarizə aparmağa hələ hazır deyil. Reabilitasiya İdarəsi də etiraf edir ki, bu böhran təkcə ordu deyil, ölkənin bütün səhiyyə sistemini çətin vəziyyətə salıb.
Əsgərlər üçün yeni terapiya təşəbbüsləri
“Associated Press” agentliyi yazır ki, çoxsaylı keçmiş döyüşçülər həyat məqsədini itirdiyini, cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkdiyini bildirir. Onların bir çoxu Qəzza müharibəsindən sonra depressiya və ümidsizliklə mübarizə aparır.
Bu səbəbdən İsraildə bir sıra vətəndaş təşəbbüsləri yaranıb. Onlardan biri Kibbuts Sedot Yam kəndində yaradılmış “Back to Life” adlı müalicə fermasıdır. Fermanı keçmiş döyüşçü Ası Nav dostu Amir (Dani) Yardinayın xatirəsinə təsis edib. Yardinay 2014-cü il Qəzza müharibəsindən sonra uzunmüddətli psixoloji travma nəticəsində ötən il intihar etmişdi.
Bu ferma onlarla keçmiş əsgərin terapiya və heyvanlarla müalicə seanslarında iştirak etdiyi bir sığınacağa çevrilib. Psixoloq Cay Fluman deyib ki, əsas məqsəd veteranların mülki həyata yenidən adaptasiyasını təmin etmək və onları həyatla bağlamaqdır.
Luriya isə bildirib ki, hərbi xidmət zamanı psixoloji yardım almaq hələ də bir çoxları üçün tabu sayılır, lakin bu “damğa” ilə mübarizə Reabilitasiya proqramının əsas prioritetinə çevrilib. Proqram çərçivəsində ictimai maarifləndirmə kampaniyaları, media əməkdaşlığı və gənc veteranlarla interaktiv tədbirlər həyata keçirilir.
