Fransada Məhkəmə Sabiq Prezident Sarkozini Şərti Azadlığa Buraxdı

2 Dəq Oxuma Müddəti

Sarkozi azadlığa buraxıldı

Fransa məhkəməsi bu gün ölkənin sabiq prezidenti Nikola Sarkozinin azadlığa buraxılması barədə qərar qəbul edib. O, “Liviya işi” çərçivəsində 5 il həbs cəzasına məhkum edilmişdi və 21 oktyabrdan bəri Parisdəki La Santə həbsxanasında saxlanılırdı.

Məlumata görə, prokurorluğun təklifi əsasında qəbul edilən qərar Sarkozinin müəyyən şərtlərlə azadlığa çıxmasına imkan verir.

“Həbsxana ilə tanış olmaq üçün 70 il gözlədim”

Nikola Sarkozi video bağlantı vasitəsilə çıxış edərək ittihamları bir daha rədd edib və həbsdə keçirdiyi günlərin çox ağır olduğunu deyib:
“70 yaşımda həbsxana ilə tanış olacağımı heç vaxt düşünməzdim. Bu sınaq mənə zorla yaşadıldı. Şərait çox ağır idi.”

O, çıxışında həmçinin Fransanı sevdiyini və “həqiqətin üzə çıxması üçün sonadək mübarizə aparacağını” bildirib.

5 il həbs cəzası almışdı

2007–2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi, 25 sentyabrda Paris Cinayət Məhkəməsinin qərarı ilə “cinayətkar birlik yaratmaq” ittihamı üzrə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

İddialara əsasən, o, 2007-ci il seçki kampaniyası zamanı mərhum Liviya lideri Muəmmər Qəddafidən qanunsuz maliyyə dəstəyi alıb.

Sarkozi “passiv korrupsiya” və “ictimai vəsaitin mənimsənilməsini gizlətmə” ittihamlarından bəraət alsa da, “cinayətkar təşkilat yaratmaq” maddəsi üzrə təqsirli bilinmişdi.

Məhkəmə prosesi davam edir

Sabiq prezident vəkilləri qərardan şikayət veriblər. Şikayətə baxılana qədər Sarkozi azadlıqda qalacaq. Bununla yanaşı, ona bəzi şəxslərlə, o cümlədən Fransa ədliyyə naziri Jerald Darmanenlə əlaqə saxlamaq qadağan edilib.

Sarkozi bu gün rəsmi olaraq həbsxanadan çıxacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş