HƏMAS-dan beynəlxalq ictimaiyyətə sərt xəbərdarlıq
Fələstin müqavimət hərəkatı HƏMAS, Qazaxıstanın İbrahim Anlaşmalarına qoşulmasına kəskin etiraz edib və bütün ölkələri İsraillə normallaşma layihələrindən uzaq durmağa çağırıb.
HƏMAS tərəfindən yayılan yazılı bəyanatda bildirilib:
“Ərəb və İslam dünyası başda olmaqla, bütün dövlətləri sionist rejimlə hər cür münasibəti dayandırmağa, onunla hər hansı normallaşma prosesinə qoşulmamağa çağırırıq.”
Bəyanatda vurğulanıb ki, müstəqil və paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər və fələstinlilər azadlıq və müstəqillik əldə edənədək, beynəlxalq ictimaiyyət ədalətli və qanuni müqavimətə dəstək verməlidir.
Qazaxıstanın qərarına sərt reaksiya
HƏMAS Qazaxıstanın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim Anlaşmalarına qoşulmaq qərarını “yanlış və zərərli addım” kimi qiymətləndirib.
Açıqlamada qeyd olunub ki, bu qərar İsrailin və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan İsrail liderlərinin beynəlxalq arenada getdikcə daha çox təcrid olunduğu bir vaxtda qəbul edilib.
HƏMAS-ın bəyanatında deyilir:
“Belə bir mərhələdə bu addım Qəzzada fələstinlilərə qarşı törədilən soyqırım cinayətlərini ağlamaq və İsrailin cinayətlərini leqallaşdırmaq cəhdidir.”
ABŞ və Qazaxıstanın açıqlamaları
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir gün əvvəl Qazaxıstanın İbrahim Anlaşmalarına qoşulmağı rəsmi şəkildə qəbul etdiyini və yaxın vaxtlarda imzalanma mərasiminin keçiriləcəyini elan edib.
Bu qərarı Qazaxıstan Xarici İşlər Nazirliyi də təsdiqləyib və ölkənin Anlaşmalara qoşulmasını rəsmi bəyanatla açıqlayıb.
HƏMAS: “Müqavimət davam edəcək”
HƏMAS bir daha bəyan edib ki, Qəzzada və bütün Fələstin torpaqlarında ədalətli müqavimət mübarizəsi davam edəcək.
Hərəkatın fikrincə, İsraillə normallaşma cəhdləri yalnız Fələstin xalqının azadlıq mübarizəsini gecikdirə, lakin dayandıra bilməz.
HƏMAS dünya dövlətlərini, xüsusilə də Müsəlman və Ərəb ölkələrini, “İsraillə əməkdaşlıq etmək əvəzinə, Qəzzada törədilən cinayətlərə son qoyulması üçün beynəlxalq təzyiqi artırmağa” çağırıb.
