“Qanunsuz marşrutdan keçməyə cəhd edilib”
İran dövlət televiziyasının məlumatına görə, bazar ertəsi səhər saatlarında altı gəmi ABŞ ordusunun təşviqi ilə Hörmüz boğazının cənub hissəsində müəyyən edilmiş marşrutdan kənar keçid etməyə cəhd göstərib.
Məlumatda bildirilir ki, İranın nəzarət tədbirləri nəticəsində həmin cəhdlərin qarşısı alınıb.
Bir gəmi qəzaya uğrayıb
Mənbənin sözlərinə görə, müəyyən edilmiş marşrutu pozan gəmilərdən biri qəza ilə üzləşib.
Digər gəmilər isə İranın həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində geri qaytarılaraq Fars körfəzinə yönləndirilib.
Tehran: Yeganə təhlükəsiz marşrut müəyyən edilib
İran tərəfi bəyan edib ki, Hörmüz boğazında yalnız rəsmi şəkildə müəyyən edilmiş gəmiçilik marşrutu istifadəyə yararlıdır.
Açıqlamada vurğulanıb ki, digər keçid istiqamətləri təhlükəsiz deyil və hərəkət üçün nəzərdə tutulmayıb.
Hörmüz boğazı ilə bağlı gərginlik davam edir
Hörmüz boğazı ABŞ-nin İrana qarşı hücumlarından sonra bağlanmış vəziyyətdə qalır. Tehran həmin hücumlara cavab olaraq bölgədə yerləşən ABŞ hərbi bazaları və strateji obyektlərinə zərbələr endirdiyini açıqlamışdı.
İran xarici işlər naziri Abbas Əraqçi daha əvvəl bildirmişdi ki, Hörmüz boğazında gəmiçilik marşrutlarının müəyyən edilməsi Tehranla əldə olunmuş anlaşmanın beşinci bəndi çərçivəsində həyata keçirilir.
Onun sözlərinə görə, İranın müəyyən etdiyi marşrut təhlükəsizlik və mina təhlükəsi nəzərə alınaraq seçilib. Əraqçi açıqlayıb ki, ABŞ qüvvələri bəzi gəmiləri İranın təyin etdiyi marşrutdan yayındıraraq alternativ keçidlərdən istifadə etməyə təşviq edirdi.
Bu arada, İran Xarici İşlər Nazirliyi Hörmüz boğazı ilə bağlı İran və Oman arasında aparılan texniki və siyasi məsləhətləşmələrin davam etdiyini açıqlayıb.

