“BlackRock”a qarşı beynəlxalq maliyyə fırıldağı ifşa edildi
Dünyanın ən böyük investisiya qrupu “BlackRock”-un kreditləşmə bölməsi “HPS Investment Partners” 500 milyon dollarlıq nəhəng maliyyə fırıldağının qurbanı olub. “Wall Street Journal” nəşrinin məlumatına görə, bu hadisə şirkətin tarixində ən ciddi maliyyə saxtakarlığı kimi qiymətləndirilir.
Məlumata görə, fırıldaq “MobiFin Elite” adlı rəqəmsal maliyyə xidməti şirkətləri şəbəkəsi vasitəsilə həyata keçirilib. Bu strukturların arxasında dayanan şəxs — Bankim Brahmbhatt adlı keçmiş rabitə mühəndisi, sonradan özünü sahibkar kimi təqdim edən şəxs — illər ərzində saxta müqavilələr və saxta sənədlər vasitəsilə beynəlxalq kredit təşkilatlarını aldadıb.
Fırıldaq sxemi 2020-ci ildə başlayıb
Hadisələrin başlanğıcı 2020-ci ilin sentyabrına təsadüf edir. Həmin vaxt “HPS Investment Partners” Brahmbhatt-ın şirkətlərinə milyonlarla dollar həcmində kredit ayırıb. Sonrakı illərdə isə bu məbləğ 2024-cü ilin avqustuna qədər 430 milyon dollara qədər artıb. Fırıldağın maliyyələşməsində Fransanın “BNP Paribas” bankı da iştirak edib.
Fırıldaq 2024-cü ilin iyulunda üzə çıxıb. “HPS” əməkdaşlarından biri müştərilərin göndərdiyi elektron məktubların əsl şirkət domenlərini təqlid edən saxta ünvanlardan gəldiyini müəyyən edib. Araşdırmalar zamanı Brahmbhatt ilkin olaraq “narahat olmağa dəyməz” desə də, qısa müddət sonra əlaqəni tamamilə kəsib.
Saxta müqavilələr, saxta hesab-fakturalar
Müstəqil audit şirkətləri — “CBIZ” və “Quinn Emanuel” — araşdırmalar nəticəsində saxta fakturalar, müqavilələr və elektron yazışmaların geniş şəkildə istifadə edildiyini təsdiqləyib. Belçikanın “BICS” telekommunikasiya şirkəti də bildirərək açıqlayıb ki, bu əməliyyatlarla heç bir əlaqəsi olmayıb və sözügedən hadisəni “açıq-aşkar fırıldaq” adlandırıb.
Məhkəmə sənədlərində göstərilir ki, saxta müqavilələr 2018-ci ildən başlayaraq hazırlanıb və əldə edilən vəsaitlər Hindistan və Mavriki adalarındakı xarici hesablar vasitəsilə çıxarılıb.
“BlackRock”un zərəri və davam edən istintaq
“HPS Investment Partners” hazırda itirilmiş vəsaitin geri qaytarılması üçün məhkəmə proseslərini davam etdirir. Şirkətin məlumatına görə, Brahmbhatt hazırda Hindistanda gizlənir, Nyu-Yorkdakı ofisləri isə 2024-cü ilin iyulundan etibarən bağlanıb.
ABŞ məhkəmələri hazırda həm mülki iddialar, həm də iflas prosesləri üzrə işlərə baxır. Araşdırmalar davam etdikcə, fırıldağın “BlackRock” və “BNP Paribas” üçün yaratdığı potensial maliyyə itkilərinin miqyası da aydınlaşdırılır.
