Qəzzada İsrail Hücumlarında 70 Fələstinli Şəhid Olub

2 Dəq Oxuma Müddəti

Qəzzada yeni qətliam: 70 şəhid, 24-ü uşaq

Qəzza zolağında səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusunun bu gecə həyata keçirdiyi hava hücumları nəticəsində azı 70 fələstinli şəhid olub. Onların arasında 24 uşaq və bir neçə qadın var. Hücumlar evlərini tərk etmiş minlərlə məcburi köçkünün sığındığı evlərə və çadırlara endirilib. Bu, 11 oktyabrda qüvvəyə minmiş “atəşkəs razılaşması”nın daha bir açıq şəkildə pozulması kimi qiymətləndirilir.

Qəzza şəhərində dağıntılar və itkilər

Qəzza şəhərinin əs-Sabirə məhəlləsində İsrail aviasiyası bir evi bombalayıb. Nəticədə biri körpə olmaqla dörd nəfər həlak olub, doqquz nəfər isə yaralanıb. Yermuk yaxınlığında yerləşən başqa bir yaşayış evinə edilən hücumda isə üç fələstinli, o cümlədən bir uşaq həyatını itirib.

Məktəblər və qaçqın çadırları hədəf alındı

Şimaldakı Beyt Lahiyada qaçqınlara sığınacaq verən məktəbə endirilən zərbə üç nəfərin ölümünə səbəb olub. Nüseyrat düşərgəsinin cənubunda qaçqın çadırına edilən hücumda da bir nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.

Mərkəzdə yerləşən Nüseyrat düşərgəsində isə İsrail ordusunun bir yaşayış evinə endirdiyi zərbə 18 fələstinlinin, o cümlədən qadın və uşaqların həyatına son qoyub. Çox sayda insanın dağıntılar altında qaldığı bildirilir.

Deyr əl-Bəlah və Xan Yunisdə hücumlar

Deyr əl-Bəlah şəhərində yerləşən Şəhid Əl-Əqsa Xəstəxanasının yaxınlığında qaçqınların sığındığı çadır bombardman nəticəsində dağılıb. Hadisə zamanı beş nəfər, o cümlədən uşaqlar həlak olub.

Cənubdakı Xan Yunis bölgəsində isə İsrail pilotsuz uçuş aparatları və qırıcıları əl-Məvasi ərazisindəki çadır düşərgələrini hədəfə alıb. Nəticədə bir evdə kişi və uşaq şəhid olub, bir neçə nəfər yaralanıb. Şəhərin mərkəzində bir nəqliyyat vasitəsinə edilən hücumda isə beş nəfər həyatını itirib.

Ümumi itkilər və humanitar böhran

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il 7 oktyabrdan bəri İsrailin Qəzzaya qarşı davam edən hücumları nəticəsində ümumilikdə 68 min 531 nəfər şəhid olub, 170 min 402 nəfər yaralanıb. Qurbanların əksəriyyəti qadın və uşaqlardır.

Atəşkəs razılaşmasından bəri isə azı 94 fələstinli şəhid, 344 nəfər yaralı var. Son iki gün ərzində dağıntılar altından 474 cəsəd çıxarılıb.

Qəzza Tibb Mənbələrinin bildirdiyinə görə, İsrailin yaxın günlərdə təhvil verdiyi 195 meyitdən 75-nin şəxsiyyəti müəyyənləşdirilib. Qalanlarının kimliyi hələ də araşdırılır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş