İsraili “Terrorçu Dövlət” Adlandıran Müstəqil Namizəd İrlandiyanın Prezidenti Seçildi

3 Dəq Oxuma Müddəti

Ketrin Konnoli İrlandiyanın yeni prezidenti oldu

İrlandiyada keçirilən prezident seçkilərində müstəqil namizəd, İsrail siyasətinin kəskin tənqidçisi Ketrin Konnoli inamlı qələbə qazanıb. Rəsmi nəticələrə əsasən, o, səslərin 63 faizini toplayaraq mərkəz-sağ yönümlü Fine Gael partiyasının nümayəndəsi Hizer Hamfrisini böyük fərqlə geridə qoyub.

Konnoli, İrlandiyanın 10-cu və ölkə tarixində prezident seçilən üçüncü qadın olacaq. O, əvvəllər parlamentin aşağı palatasının sədr müavini vəzifəsini icra edib və həmçinin klinik psixoloq və hüquqşünas kimi fəaliyyət göstərib.

“İsrail terrorçu dövlətdir” – Konnolinin sərt bəyanatı

Seçki kampaniyası dövründə Ketrin Konnoli İsrailin fələstinlilərə qarşı repressiv siyasətini sərt tənqid edib. O, iyun ayında yayımladığı kampaniya videosunda bildirib:

“Əgər bu parlament İsrailin terrorçu dövlət olduğunu tanıya bilmirsə, biz ciddi təhlükə altındayıq.”

Konnoli daha əvvəl də Qəzzada həyata keçirilən əməliyyatları “soyqırım xarakterli” adlandırmışdı. Onun fikrincə, İsrail rejimi fələstinlilərə qarşı sistematik şəkildə insanlıq əleyhinə cinayətlər törədir.

Fələstin məsələsində prinsipial mövqe

Sentyabr ayında Böyük Britaniyanın Baş naziri Keyr Starmerin Həmasla bağlı açıqlamalarına cavab verən Konnoli bildirib ki, “Fələstin xalqının gələcəyinə kim rəhbərlik edəcəyinə qərar vermək heç bir xarici liderin işi deyil.”
O, İrlandiyanın müstəmləkəçilik tarixini xatırladaraq deyib:

“Fələstinlilər öz liderlərini demokratik yolla seçmək hüququna malikdirlər.”

Konnoli Həmasın Qəzzada seçkilərlə formalaşmış siyasi qurum olduğunu və fələstin cəmiyyətinin mühüm hissəsini təşkil etdiyini vurğulayıb. O, həmçinin əlavə edib ki, İsrailin Qəzzada törətdiyi soyqırımı zamanı ölənlərin sayına dair məlumatların əksəriyyəti məhz yerli fələstinli mənbələrdən əldə olunur.

Qərb ölkələrinə tənqid və beynəlxalq ikili standartlar

Yeni prezident Fransa, Almaniya, Böyük Britaniya və ABŞ kimi ölkələrin Fələstin məsələsindəki siyasətini də tənqid edib. Onun fikrincə, bu dövlətlər İsrailin ənənəvi müttəfiqləri kimi hər dəfə eyni mövqedən çıxış edərək, rejimin törətdiyi vəhşilikləri görməzdən gəlirlər.

Konnolinin qələbəsi İrlandiyada partiya mənsubiyyətindən çox şəxsi prinsiplərə əsaslanan siyasətin qalibiyyəti kimi qiymətləndirilir. O, seçki kampaniyası boyunca insan haqları, beynəlxalq ədalət və İrlandiyanın müstəqil diplomatik xəttini ön plana çəkib.

İctimai dəstək və beynəlxalq rezonans

Konnolinin seçilməsi İrlandiyada geniş ictimai dəstək və beynəlxalq səviyyədə diqqət doğurub. Bir çox müşahidəçilər onun qələbəsini Qəzza soyqırımı fonunda Qərb siyasətinə etiraz kimi dəyərləndirir.

Hazırda Qəzzada BMT-nin məlumatına görə, 68 mindən çox fələstinli öldürülüb, 170 mindən çox insan yaralanıb. Konnolinin prezidentliyi dövründə İrlandiyanın bu məsələdə daha sərt və müstəqil mövqe tutacağı gözlənilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş