Millimiz Ukraynaya qarşı məğlubiyyətlə ayrıldı
Azərbaycan milli futbol komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız D qrupunun 4-cü turunda Ukrayna ilə qarşılaşıb. Qarşılaşma Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda baş tutub. Oyunu Avstriyalı hakimlər briqadası idarə edib.
Ötən turda səfərdə Fransa yığmasına 0:3 hesabı ilə uduzan millimiz bu dəfə xal qazanmaq məqsədilə meydana çıxsa da, rəqib qarşısında müqavimət göstərə bilməyib və 1:2 hesabı ilə məğlub olub.
Oyunun gedişi
Matçın 30-cu dəqiqəsində Ukrayna millisinin üzvü Aleksey Qutsulyak hesabı açaraq meydan sahiblərini önə çıxarıb – 1:0. İlk hissənin son dəqiqələrində Azərbaycan millisi bərabərlik qolunu vurmağa nail olub. Ukrayna müdafiəçisi Vitali Mikolenko avtoqola imza ataraq hesabı bərabərləşdirib – 1:1.
Lakin ikinci hissədə meydan sahibləri üstünlüyü bərpa ediblər. 64-cü dəqiqədə Ruslan Malinovski uzaq məsafədən dəqiq zərbə ilə qapımıza yol tapıb və Ukraynaya qələbə qazandırıb – 2:1. Oyunun qalan dəqiqələrində millimiz hücumlarda fəallıq göstərsə də, hesab dəyişməyib.
Digər qrup oyunu
D qrupunun digər qarşılaşmasında İslandiya millisi evdə Fransa ilə bərabərə qalıb – 2:2. Palsson (39-cu dəq.) və Hlynsson (70-ci dəq.) İslandiya yığmasının, Nkunku (63-cü dəq.) və Mateta (68-ci dəq.) isə Fransa millisinin heyətində fərqləniblər.
Bu nəticədən sonra Azərbaycan millisi dörd oyundan sonra qrupun autsayderlərindən biri olaraq qalır. Növbəti turda komandamız evdə İslandiya ilə qarşılaşacaq.