Tramp Minlərlə Dövlət Qulluqçusunun İxtisarına Görə Demokratları Günahlandırdı

3 Dəq Oxuma Müddəti

Tramp Demokratları ittiham etdi

ABŞ Prezidenti Donald Tramp hökumətin bağlanması fonunda minlərlə dövlət qulluqçusunun işdən azad edilməsinə görə Demokrat Partiyasını məsul tutub. Tramp Ağ Evdə, Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib ki, “bu vəziyyəti Demokratlar başladılar” və ixtisarların “onların yönləndirdiyi prosesin nəticəsi” olduğunu söyləyib.

Hazırda Respublikaçılar Konqresin hər iki palatasında çoxluğa malik olsalar da, hökumətin maliyyələşdirilməsi ilə bağlı istənilən qanun layihəsinin qəbul edilməsi üçün Senatda Demokratların səslərinə ehtiyac var.

Demokratlar geri addım atmaq niyyətində deyil

Demokratlar isə Trampın təzyiq siyasətinə boyun əyməyəcəklərini bildiriblər. Senatdakı azlıq lideri Çak Şumer deyib: “Respublikaçılar məsuliyyəti dərk etməyənə qədər, itirilən hər iş yeri, zərər görən hər ailə və dayandırılan hər xidmət onların qərarlarının nəticəsidir.”

Bu arada federal işçiləri təmsil edən həmkarlar ittifaqları ixtisarların dayandırılması üçün məhkəməyə müraciət ediblər. Onların iddiasına görə, hökumətin bağlandığı dövrdə belə addımlar qanunsuzdur. Lakin hökumət təqdim etdiyi sənədlərdə ittifaqların “belə iddialar qaldırmaq üçün hüquqi səlahiyyətə malik olmadığını” bildirərək, şikayətlərin rədd edilməsini istəyib. Məhkəmə işi bu ayın 15-də federal səviyyədə baxılacaq.

Respublikaçılardan da narazılıq səsləri

Trampın qərarı bəzi Respublikaçı senatorlar tərəfindən də tənqid olunub. Senatın büdcə komitəsinin sədri Suzan Kollinz bəyanatında deyib: “Federal işçilər istər müvəqqəti ixtisara göndərilsin, istərsə də maaşsız işləsinlər, onların fəaliyyəti ictimai xidmətin davamlılığı üçün həyati əhəmiyyət daşıyır.”

Ağ Evin Büdcə İdarəsinin rəhbəri Rassel Vout sosial şəbəkədə “federal işçi qüvvəsinin azaldılmasına başlanıldığını” təsdiqləyib. İdarənin sözçüsü isə bu azalmaların “kifayət qədər genişmiqyaslı” olduğunu bildirib.

İxtisarlar müxtəlif nazirlikləri əhatə edir

“Reuters” xəbər agentliyi yazır ki, Səhiyyə və İctimai Xidmətlər Nazirliyinin bir sıra əməkdaşlarına artıq ixtisar bildirişləri göndərilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Endryu Niksin bildirib ki, təxminən 41% əməkdaş müvəqqəti olaraq işdən azad edilib.

Amerika Dövlət Qulluqçuları İttifaqının rəsmisi Tomas Hadelstonun sözlərinə görə, Maliyyə Nazirliyi yaxın günlərdə 1300 nəfərlik yeni ixtisar dalğası həyata keçirməyə hazırlaşır. Bu addımlar əsasən Vergilər Xidmətinə təsir göstərəcək. Bildirilir ki, bu qurumun 78 min əməkdaşından təxminən 46%-i artıq keçən həftə müvəqqəti ixtisara göndərilib.

İxtisarlar həmçinin Təhsil, Energetika, Daxili İşlər və Ticarət nazirliklərini, eləcə də Ətraf Mühitin Mühafizəsi Agentliyini əhatə edib. Təhsil Nazirliyində ixtisarlar Trampın bu qurumu tamamilə bağlamaq planının bir hissəsi kimi dəyərləndirilir.

İxtisarların miqyası böyüyür

Eyni zamanda Mənzil və Şəhərsalma Nazirliyi, Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyində də oxşar proseslər gedir. Hökumətin bu il ərzində ümumilikdə 300 minə yaxın federal mülki işçini azaldacağı gözlənilir.

Tramp daha əvvəl dəfələrlə bildirmişdi ki, hökumətin bağlanması zamanı “əsasən Demokratların dəstəklədiyi” sahələrdə çalışan dövlət qulluqçularının ixtisarına üstünlük veriləcək. Prezident, həmçinin, Nyu-York, Kaliforniya və İllinoys ştatları üçün nəzərdə tutulmuş 28 milyard dollarlıq infrastruktur vəsaitinin dondurulması barədə göstəriş verib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş