Tehran: Qəzzanın Gələcəyinə Fələstinlilər Qərar Verməlidir

2 Dəq Oxuma Müddəti

İran: Qəzzada qərar hüququ yalnız fələstinlilərə məxsusdur

İran Xarici İşlər Nazirliyi Qəzzada davam edən soyqırım və hərbi cinayətlərə qarşı bəyanat yayıb. Nazirlik bildirib ki, Tehran hər hansı təşəbbüsü, əgər o, Qəzzada etnik təmizləmənin və insanlıq əleyhinə cinayətlərin qarşısını alırsa, tam dəstəkləyir.

Bəyanatda vurğulanır ki, Qəzzanın gələcəyi ilə bağlı qərar yalnız Fələstin xalqının və müqavimət hərəkatlarının əlində olmalıdır. İran, bölgənin gələcəyi barədə kənar qüvvələrin və ya işğalçı tərəfin diktə etdiyi planların qəbul edilməyəcəyini açıq şəkildə bəyan edib.

İsrailə xəbərdarlıq: “Öhdəliklərin pozulması təkrarlana bilər”

Tehran, mövcud təşəbbüslərin mahiyyətində gizlənən təhlükələrə diqqət çəkərək, İsrailin keçmişdə olduğu kimi öhdəliklərindən yayınmaq və razılaşmaları pozmaq cəhdlərinin təkrarlana biləcəyini vurğulayıb.

İran XİN bildirib ki, Təl-Əvivin genişlənmə və aparteid siyasəti, istənilən sülh prosesini risk altına salır:

“İran, işğalçı rejimin verdiyi vədləri pozmaqda tarixən ‘sabit’ davranışına görə beynəlxalq ictimaiyyəti ayıq olmağa çağırır.”

Soyqırımın dayandırılması və məsuliyyət tələbi

Bəyanatda qeyd olunur ki, Tehran Qəzzada soyqırımı dayandıracaq və İsrail ordusunun bölgədən çıxmasını təmin edəcək hər bir qərarı dəstəkləyir. İran, həmçinin, fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnun və humanitar yardımların maneəsiz çatdırılmasının təmin edilməsini vacib sayır.

Rəsmi Tehran beynəlxalq ictimaiyyəti də məsuliyyətə çağırıb. Bildirilib ki, Qəzzada baş verənləri dayandırmaq, insanlıq borcu olmaqla yanaşı, həm də hüquqi öhdəlikdir. İran, beynəlxalq təşkilatları və dövlətləri İsrailin törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşımağa çağırıb.

“Cəzasızlıq siyasəti bitməlidir”

İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, Qəzzada soyqırımın dayandırılması, İsrailin törətdiyi cinayətlərə görə məsuliyyətin aradan qalxması demək deyil.

“On illərlə davam edən cəzasızlıq siyasətinə son qoyulmalıdır. Müvafiq beynəlxalq məhkəmələr İsrailin hərbi cinayətlərini araşdırmalı və cəza tədbirləri görməlidir,” – deyə bəyanatda qeyd edilib.

Humanitar yardıma hazırıq

Bəyanatın sonunda İran hökuməti Qəzza əhalisinə təcili humanitar yardım göndərməyə hazır olduğunu bəyan edib. Tehran, beynəlxalq təşkilatların iştirakı ilə yardım koridorlarının yaradılmasının vacibliyini vurğulayıb və öz resurslarını bu istiqamətdə səfərbər etməyə hazır olduğunu açıqlayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş