Şeyx Nəim Qasim: Əhdimizdə Sadiqik !

3 Dəq Oxuma Müddəti

Şeyx Qasim: Müqavimət silahını heç kim ala bilməz

Hizbullah Baş katibi Şeyx Naim Qasim, şəhid liderlər Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyədinin şəhadətinin ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edib.

O, çıxışında müqavimətin hər zaman yoluna davam edəcəyini vurğulayıb:

“Müqavimətin silahını almaq İsrailin xeyrinədir və biz buna heç vaxt icazə verməyəcəyik. Lazım gələrsə, Kərbəla üslubunda müqavimət göstərəcəyik.”

ABŞ-ın planlarına sərt cavab

Şeyx Qasim ABŞ emissarı Tom Barakın bəyanatlarına toxunaraq, Vaşinqtonun Hizbullahı tərksilah etmək istəyini “İsrailin layihəsinə xidmət” adlandırıb. O bildirib ki, bu addım müqavimətin gücünü əlindən almağa yönəlib və Livan xalqının maraqlarına ziddir.

Eyni zamanda, Livan hökumətini yenidənqurma və büdcədən bu istiqamətə vəsait ayırmağa çağırıb:
“Milli suverenlik ilk növbədə gəlməlidir. İsrailin Livanda mövcudluğuna son qoymaq müstəqilliyin əsas şərtidir.”

“Fələstin məsələsi bütün dünyanın yüküdür”

Qasim, Fələstin məsələsini “ümmetin mərkəzi davası” adlandıraraq Qəzza xalqının mübarizəsini yüksək qiymətləndirib:
“Qəzza və Fələstinin qəhrəmanları işğalçını bütün dünya adından qarşılayırlar. İsrail iki il ərzində hədəflərinə çata bilməyib.”

O həmçinin vurğulayıb ki, İmam Musa Sədrin başladığı müqavimət davam edir və bu yolda Hizbullah ilə Əmal hərəkatı arasında fərq yoxdur.

“Müqavimət böyüdü və gücləndi”

Hizbullah Baş katibi bildirib ki, İsrailin hücumları, liderlərin qətli və “Peycer əməliyyatı” kimi hadisələr başqa ölkələrdə dövlətlərin süqutuna səbəb ola bilərdi:
“Amma biz ‘Ülü’l-bəs’ döyüşündə düşmənin qarşısını aldıq və müqavimət ayaqda qaldı.”

Onun sözlərinə görə, müqavimət həm siyasi, həm də sosial sahədə güclənib:
“400 min evin bərpası, bələdiyyə seçkilərində uğur və siyasi arenadakı mövcudluğumuz müqavimətin gücünün göstəricisidir. Müqavimət cihad cəhətdən tam bərpa olunub və hər bir müdafiəyə hazırdır.”

“Seyid Həsən Nəsrullahın yolu əbədidir”

Şeyx Qasim çıxışının mühüm hissəsini şəhid lider Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyədinin xatirəsinə həsr edib:
“Seyid Nəsrullah yalnız Livanın yox, bütün dünyanın lideri idi. Onun ideyaları və ruhu bu gün də yaşayır və biz onun yolunu davam etdiririk. Biz silahı yerə qoymayacağıq və müqaviməti buraxmayacağıq.”

O həmçinin şəhid komandirlərdən Əli Kərki və digər döyüşçülərin fədakarlıqlarını yad edərək, onların şəhadətinin müqavimət üçün əbədi ilham mənbəyi olduğunu vurğulayıb.

Regional dəstəyə təşəkkür

Şeyx Qasim çıxışında İran, Yəmən, İraq, Tunis və digər ölkələrin dəstəyini xüsusi qeyd edərək, bu birliyin İsrailin planlarını pozduğunu deyib.

Sonda isə o, bütün şəhidlərə və müqavimət tərəfdarlarına müraciət edərək, “Biz əhdə sadiq qalacağıq və müqavimət yolundan dönməyəcəyik” sözlərini səsləndirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş