“Müqavimət Donanması” Qəzzaya doğru yola çıxdı
Fələstin blokadasını yarmaq məqsədilə yaradılan “Müqavimət Donanması” bu gün Yunanıstanın Krit adasından Qəzzaya doğru yola çıxıb. İştirakçı Vail Nüvar açıqlamasında gəmilərin bir neçə saat ərzində hərəkət etdiyini və gələn həftənin əvvəlində Qəzzaya çatacağını bildirib.
50 mülki gəmi Qəzzaya yollanır
Donanma təxminən 50 mülki gəmidən ibarətdir və hədəfi İsrailin Qəzzaya tətbiq etdiyi dəniz blokadasını yarmaqdır. İsrail isə bu təşəbbüsə sərt qarşı çıxaraq, gəmilərin sahilə çatmasına “istənilən vasitə ilə mane olacağı” barədə xəbərdarlıq edib.
Donanmada müxtəlif ölkələrdən hüquqşünaslar, parlament üzvləri və insan haqları fəalları iştirak edir. Onların arasında tanınmış isveçli iqlim fəalı Qreta Tunberq də var.
Beynəlxalq gərginlik
Donanmanın Aralıq dənizi üzərindən hərəkəti beynəlxalq gərginlik yaradıb. Bu həftə donanmanın İsrail pilotsuz təyyarələri tərəfindən hədəfə alındığı açıqlansa da, hadisə nəticəsində xəsarət alan olmayıb. İtaliya və İspaniya hökumətləri isə öz vətəndaşlarının təhlükəsizliyi üçün donanmaya hərbi gəmilər göndərib.
Yunanıstan səlahiyyətliləri donanmanın öz sularında təhlükəsiz hərəkətini təmin edəcəyini açıqlayıb, lakin gəmilər bu gündən etibarən Aralıq dənizinin beynəlxalq sularına daxil olub.
İtaliyadan xəbərdarlıq
İtaliya hökuməti öz vətəndaşlarını donanmadakı missiyanı davam etdirməməyə çağırıb və alternativ olaraq yardımın Kiprə gətirilib, daha sonra Qüdsdəki Latın Patriarxlığı vasitəsilə Qəzzada paylanmasını təklif edib. İsrail bu təklifə müsbət yanaşsa da, donanma üzvləri rədd ediblər.
İtaliya XİN-in açıqlamasına görə, dənizdəki italyan hərbi gəmisi yalnız humanitar yardım və xilasetmə əməliyyatlarında iştirak edəcək, hərbi müdaxiləyə qatılmayacaq. Nazirlik, missiyanı davam etdirən hər bir iştirakçının riskləri şəxsi məsuliyyətinə götürdüyünü vurğulayıb.
İsrail hücumu ehtimalı
Donanmanın idarə heyəti dünən açıqlama yayaraq, bir sıra ölkələrin öz vətəndaşlarını “yaxın zamanda İsrail hücumu ola bilər” deyə xəbərdar etdiklərini bildirib.