Amazon 2,5 Milyard Dollarlıq Rekord Cərimə Ödəyəcək

2 Dəq Oxuma Müddəti

Amazon tarixi məbləğdə cəriməyə razılaşdı

ABŞ-ın nəhəng texnologiya şirkəti Amazon, Federal Ticarət Komissiyası (FTC) ilə iki ildir davam edən məhkəmə prosesində uzlaşmaya gedərək 2,5 milyard dollar ödəməyə razılaşıb.

FTC-nin açıqlamasına görə, şirkət müştəriləri çaşdırıcı üsullarla Prime üzvlüyünə yazılmağa məcbur etməkdə və abunəlikdən çıxışı çətinləşdirməkdə ittiham olunurdu.

Ödənişin detalları

Razılaşmaya əsasən Amazon:

  • 1 milyard dollar inzibati cərimə ödəyəcək,

  • 35 milyon müştəriyə ümumilikdə 1,5 milyard dollar geri qaytaracaq.

Bu qərar FTC tarixində qayda pozuntusuna görə verilən ən böyük cərimə, həmçinin qurumun ikinci ən böyük müştəri geri ödəməsi kimi qeydə alınıb.

Amazon iddiaları rədd edir

Amazon sözçüsü Mark Blafkin şirkətin heç bir qanunu pozmadığını vurğulayaraq, “Müştərilərimizə üzvlüklərini başlatmaq və ya ləğv etmək üçün açıq və sadə imkanlar təqdim edirik. Bu razılaşma, innovasiyalara yönəlməyimizə şərait yaradacaq” deyib.

Yeni qaydalar tətbiq olunacaq

Uzlaşma şərtlərinə görə, Amazon artıq üzvlük ekranlarında müştərini yönləndirən “Xeyr, pulsuz çatdırılma istəmirəm” tipli seçimlərdən istifadə edə bilməyəcək. Bundan başqa, Prime-a qeydiyyat zamanı şərtlərin aydın göstərilməsi və ləğv prosesinin sadələşdirilməsi məcburi olacaq.

Prime xidmətinin gücü

Hal-hazırda Prime abunəliyi aylıq 14,99 dollar, illik isə 139 dollar təşkil edir. 2024-cü ildə bu xidmətdən əldə edilən gəlir 44 milyard dollar olub. Prime, sürətli çatdırılmadan tutmuş onlayn məzmun, market alış-verişi və xüsusi endirimlərə qədər geniş imkanlar təqdim edir.

Analitiklərin hesablamasına görə, 2025-ci ilin mart ayı etibarilə ABŞ-da təxminən 197 milyon Prime abunəçisi mövcuddur.

Ekspertlər, 2,5 milyard dollarlıq ödəmənin Prime xidmətinin bazardakı gücünü ciddi şəkildə sarsıtmayacağını bildirirlər. Keçmiş FTC rəhbəri Lina Xan isə cəriməni “Amazon-un böyüklüyü qarşısında cüzidən belə kiçik bir məbləğ” adlandırıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş