“New York Times”ın araşdırması
ABŞ-ın “New York Times” qəzetinin apardığı geniş araşdırmada Elon Maskın atası, Cənubi Afrikalı iş adamı Errol Maskın bir neçə uşaq və ögey övladına qarşı cinsi istismar ittihamları ilə gündəmə gəldiyi bildirilir.
Məlumatlara görə, polis sənədləri, məhkəmə qərarları, sosial xidmət hesabatları və ailə üzvlərinin ifadələri araşdırmaya əsas təşkil edib.
İlk şikayətlər 1993-cü ildən
Ən qədim iddia 1993-cü ilə aiddir. Həmin vaxt dörd yaşlı ögey qızına qarşı zorakılıq şikayəti qeydə alınıb. Ən yeni hadisə isə 2023-cü ildə ailə üzvləri və sosial xidmət orqanlarının daxil olduğu bir proseslə bağlıdır.
Ümumilikdə Errol Maskın ən azı beş uşağa, o cümlədən ögey övladlarına qarşı qeyri-qanuni hərəkətlərdə ittiham olunduğu bildirilir.
Errol Mask ittihamları rədd edir
Errol Mask özü barəsində səslənən ittihamları qəti şəkildə rədd edib. O, bunları “tamamilə absurd” adlandıraraq, ailə üzvlərinin uşaqları yalan ifadə verməyə məcbur etdiyini iddia edib.
Mask həmçinin oğlu Elonla münasibətlərinin “çox yaxın” olduğunu desə də, bu iddia digər məlumatlarla üst-üstə düşmür.
Elon Mask və atası arasındakı gərginlik
Tesla və SpaceX-in rəhbəri Elon Mask uzun illərdir atası ilə görüşmür. O, 2017-ci ildə Rolling Stone jurnalına verdiyi müsahibədə atasını “təsəvvür ediləcək hər cür pisliyi etmiş dəhşətli insan” kimi xarakterizə etmişdi.
2023-cü ildə yayımlanan rəsmi bioqrafiyasında isə atasını “psixoloji işgəncə verən” bir fiqur kimi təsvir edib və münasibətlərinin illər əvvəl kəsildiyini vurğulayıb.