BMT-də qəribə hadisə
Birləşmiş Millətlər Təşkilatında (BMT) ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın binaya girişi zamanı baş verən texniki nasazlıq böyük səs-küy doğurub. Eskalatorun qəfil dayanması barədə yayılan “qəsd” iddialarına BMT rəhbərliyindən cavab gəlib.
BMT Baş katibinin sözçüsü Stéphan Dujarric məsələ ilə bağlı açıqlama verərək hadisənin qəsdən törədildiyinə dair heç bir sübutun olmadığını bildirib.
Kameraman səbəb olub
Dujarric qeyd edib ki, Tramp və nümayəndə heyəti binaya daxil olarkən ABŞ delegasiyasından olan bir kameraman görüntü çəkmək üçün eskalatorda geriyə addımlayıb.
“Texniki qeydlərin yoxlanılması zamanı məlum olub ki, eskalatorun yuxarı hissəsində yerləşən təhlükəsizlik mexanizmi aktivləşib və bu da avtomatik olaraq sistemi dayandırıb. Görünür, kameraman bilmədən həmin mexanizmi işə salıb” – deyə BMT rəsmisi açıqlayıb.
Ağ Ev sərt reaksiya verdi
Hadisədən sonra Ağ Ev sözçüsü Karolin Leavitt sosial şəbəkədə açıqlama yayaraq bu vəziyyətin ciddi şəkildə araşdırılmasını tələb edib:
“Əgər BMT-də kimsə Prezident və Birinci Xanım eskalatordan istifadə edərkən onu qəsdən dayandırıbsa, dərhal işdən azad edilməli və məsuliyyətə cəlb olunmalıdır.”
“BM-nin pulu bitdi” zarafatı
Britaniyanın The Times qəzeti isə maraqlı bir iddia irəli sürüb. Nəşrin məlumatına görə, BMT-də bəzi əməkdaşlar Trampın təşkilata maliyyə yardımlarını kəsməsi fonunda “BM-nin pulu qurtarıb” mesajı vermək üçün eskalatoru qəsdən dayandırdıqları barədə zarafat ediblər.
Lakin rəsmi açıqlamalar bu ehtimalı təsdiqləmir və məsələ, görünür ki, sadəcə texniki nasazlıqdan ibarət olub.