Əbdülməlik Əl-Husi: Yəmən Əməliyyatları Yalnız İsrail Gəmilərini Hədəfləyir

2 Dəq Oxuma Müddəti

Əl-Husidən sərt bəyanat: əməliyyatlar yalnız İsrail hədəflərinə qarşıdır

Yəməndəki Ənsarullah Hərəkatının rəhbəri Əbdülməlik əl-Husi həftəlik çıxışında Qırmızı dənizdə və digər su hövzələrində həyata keçirilən əməliyyatların yalnız İsrailə aid olan gəmiləri hədəf aldığını açıqlayıb.

O bildirib ki, bu həftə ərzində Yəmən qüvvələri işğal altındakı Fələstin ərazisinə doğru 24 raket və pilotsuz uçuş aparatı göndərib və bütün hücumların istiqaməti məhz İsrail olub. Əl-Husi vurğulayıb: “Hər hansı qüvvənin bu mərhələdə ‘dəniz təhlükəsizliyi’ adı altında atdığı addımlar əslində yalnız İsrail gəmilərini qorumağa xidmət edir və uğursuzluğa məhkumdur.”

Qətərə qarşı təhdidlər və İslam dünyasına mesaj

Əl-Husi İsrailin Qətərə qarşı səsləndirdiyi təhdidləri xüsusi vurğulayaraq, bunun bütün İslam dünyasına ünvanlanan xəbərdarlıq olduğunu bildirib. Onun sözlərinə görə, sonuncu Doha sammitinin zəif nəticələri işğalçıya cəsarət verib və bölgə dövlətlərini hədəfə almaqdan çəkinməyəcəyini göstərib.

Husi həmçinin bəzi ərəb dövlətlərini tənqid edərək onların İsraillə gizli və açıq əməkdaşlıq etdiyini, hətta yanacaq və enerji resurslarını işğalçıya təmin etdiyini deyib.

İsrailin hücumları və Qüdsün hədəflənməsi

Əl-Husi İsrailin Qəzzada “əsrin cinayəti” adlandırılan soyqırımı həyata keçirdiyini, ABŞ, Böyük Britaniya və Almaniyanın hərbi dəstəyi ilə fələstinlilərə qarşı kütləvi qırğınlar törətdiyini bildirib.

O əlavə edib ki, işğalçı qüvvələr yalnız Qəzza ilə kifayətlənmir, həmçinin Qüdsdə də məscidlərin təhqirinə, Məscidül-Əqsanın altında tunel qazılmasına və şəhərin yəhudiləşdirilməsinə yönəlmiş addımlar atır.

Əl-Husi xatırladıb ki, bu həftə İsrailin baş naziri Binyamin Netanyahu və digər rəsmilər Məscidül-Əqsaya daxil olaraq dini ayinlər icra ediblər. Bu isə, onun sözlərinə görə, ABŞ-İsrail əməkdaşlığının açıq göstəricisidir.

Səudiyyə Ərəbistanına sərt xəbərdarlıq

Çıxışında Səudiyyə Ərəbistanını da sərt tənqid edən Əl-Husi, bu ölkənin Böyük Britaniya ilə birlikdə Qırmızı dənizdə “gəmilərin qorunması” adı altında fəaliyyətini əslində İsrailə xidmət kimi qiymətləndirib. O, Səudiyyəni “ümmetə xəyanət”də ittiham edib və xəbərdarlıq edib ki, İsrail heç bir ölkəni — hətta ABŞ bazalarını yerləşdirənləri belə — istisna saymayacaq.

“Silah müqavimətin təminatıdır”

Əl-Husi çıxışının sonunda qeyd edib ki, müqavimət qüvvələrinin silahı xalqların qırğına məruz qalmaması üçün ən böyük təminatdır. O, Sabra və Şatila qətliamını xatırladaraq, müqavimətin silahsızlaşdırılmasının yeni soyqırımların qarşısını almağa deyil, əksinə, onların təkrarlanmasına gətirib çıxaracağını bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş