İlon Maskın “xAI” Şirkəti 500 Əməkdaşını İxtisar Etdi

2 Dəq Oxuma Müddəti

“Grok” üzərində çalışan komanda ixtisar edildi

İlon Maskın 2023-cü ildə qurduğu “xAI” şirkəti böyük ixtisar dalğası ilə gündəmə gəlib. “Business Insider”in məlumatına görə, şirkət 500 nəfəri, əsasən “Grok” çat-botunun inkişafında çalışan məlumat izahı və təsnifatı üzrə mütəxəssisləri işdən azad edib.

Məlumatlara əsasən, əməkdaşlara ixtisar barədə xəbər elektron poçt vasitəsilə ötən gecə göndərilib. Onlara bildirilib ki, müqavilələrinin sonuna qədər, ən geci isə 30 noyabra qədər əməkhaqqı ödəniləcək. Lakin işdən çıxarılan şəxslərin şirkət sistemlərinə giriş hüququ dərhal məhdudlaşdırılıb.

Şirkət: “Yeni işçilər cəlb ediləcək”

“xAI” rəsmi şərh verməsə də, sosial şəbəkə “X” üzərindən yayımlanan açıqlamaya istinad edib. Açıqlamada bildirilib ki, şirkət müxtəlif sahələr üzrə yeni işçilər cəlb edir və süni intellekt təlimi üzrə komandaları 10 qat artırmağı planlaşdırır.

Ən böyük komanda ixtisar hədəfi oldu

İşdən çıxarılan əməkdaşlar şirkətin ən böyük komandasına aid idi. Bu qrupun əsas vəzifəsi süni intellektin “dünyanı anlamasına” kömək etmək üçün xammal məlumatların izahı və düzgün təsnifləşdirilməsindən ibarət idi. Mütəxəssislərin fikrincə, belə bir ixtisar “Grok”un inkişaf sürətinə təsir göstərə bilər.

Maskın süni intellekt planları

Xatırladaq ki, İlon Mask “xAI” şirkətini süni intellekt sahəsində “Google” və “OpenAI” kimi nəhənglərlə rəqabət aparmaq üçün təsis edib. O, bu şirkətləri “həddindən artıq senzura tətbiq etməkdə və təhlükəsizlik standartlarını pozmaqda” ittiham etmişdi. Maskın məqsədi isə daha açıq və təhlükəsiz süni intellekt platforması yaratmaqdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş