Moskvada Emin Ağalarovun restoranları fəaliyyətini dayandırıb
Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş kürəkəni, tanınmış biznesmen və müğənni Emin Ağalarovun Moskvadakı üç restoranı – “Edoko”, “Zafferano” və “Forte Bello” bağlanıb. Bu barədə “Moskva restoranlarının açılış və bağlanışları” adlı “Telegram” kanalı məlumat yayıb. Sözügedən restoranlar “Aviapark” ticarət mərkəzində yerləşirdi.
Şirkətdən açıqlama
“Agalarov Development” şirkətindən TASS agentliyinə verilən açıqlamada bildirilib ki, “AgalarovRest” hazırda diqqətini daha çox müstəqil layihələrə yönəltdiyi üçün restoranların fəaliyyətini dayandırıb.
Azərbaycan–Rusiya münasibətlərində gərgin fon
Restoranların bağlanması Azərbaycan–Rusiya münasibətlərinin gərginləşdiyi bir dövrə təsadüf edir. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduqdan sonra iki ölkə arasında siyasi münasibətlərdə ciddi böhran yaşanmağa başladı.
2025-ci ilin iyununda isə Rusiyada azərbaycanlılara qarşı kütləvi reydlər və həbslər keçirildi. Bunun ardınca “Sputnik Azərbaycan” ofisində əməliyyat aparıldı və bir neçə nəfər saxlanıldı.
Bu hadisələrin fonunda Emin Ağalarov da təşkilatçısı olduğu “Dream Fest”də iştirak edəcək 20 rusiyalı müğənninin çıxışını ləğv etmişdi.
Ekspert rəyi: Effektivliyin azalması
“NF Group” şirkətinin pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyeva TASS-a açıqlamasında bildirib ki, bağlanmanın əsas səbəbi restoranların effektivliyinin azalmasıdır:
“Bu obyektlər orta və yuxarı seqmentdə fəaliyyət göstərirdi. Bu kateqoriyadakı müştərilər daimi olaraq konsepsiyanın, xidmətin və menyunun yenilənməsini gözləyirlər. Son illərdə belə yenilənmələr olmadığı üçün restoranların bağlanması təbii nəticə oldu. Hərçənd ki, bu restoranlar rəqiblərinə nisbətən daha uzun müddət fəaliyyət göstərmişdi.”