Naxçıvan sakini Novruz Musayev iddia edir ki, üç hərbçi 15 yaşlı oğluna dəfələrlə təcavüz edib. O, sosial mediada yayımladığı videomüraciətdə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya səslənərək, oğlunun ifadələrinin hərbi prokurorluq tərəfindən nəzərə alınmadığını bildirib. Musayevin sözlərinə görə, hadisədən sonra övladı məktəbdən və hazırlıq kurslarından çıxmaq məcburiyyətində qalıb, ailə isə ağır psixoloji zərbə alıb.
Məhkəmə hökmü
Məhkəmə qərarında 30 yaşlı hərbi qulluqçu – baş mexanik-sürücü Panahovun 15 yaşlı yeniyetməni dəfələrlə zorladığı təsdiqlənib. Lakin o, ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu və “homoseksuallıqdan əziyyət çəkdiyini” əsas gətirərək cəzasının yüngülləşdirilməsini istəyib. Nəticədə Panahov cəmi 9 ay həbsə və müəyyən vəzifələrdə işləmək hüququndan bir il müddətinə məhrum olunub.
Digər təqsirləndirilən, 26 yaşlı leytenant Əsədov isə 1 il həbs və 1,5 il müddətinə vəzifə hüququndan məhrum edilib. Atanın sözlərinə görə, təqsirlilərdən biri – Əsədovun qardaşı isə rüşvət sayəsində məsuliyyətdən yayınıb.
Hüquq müdafiəçilərinin reaksiyası
Hüquqşünas Zibeydə Sadıqova bildirib ki, qanunvericiliyə görə, 14–16 yaşlılarla cinsi əlaqədə olan şəxs ən azı 1 ildən 3 ilə qədər həbs olunmalıdır:
“15 yaşlı uşaq razılıq versə belə, bu, cinayət hesab olunur”.
Azərbaycan Cinayət Məcəlləsi isə 14 yaşına çatmamış uşaqlara qarşı bu tip cinayətlər üçün daha ağır – 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Apellyasiya şikayəti
Novruz Musayev məhkəmə hökmündən apellyasiya şikayəti verdiyini açıqlayıb. O, ədalətli qərar çıxarılmasını tələb edir:
“Necə ola bilər ki, hərbçi uşağımı zorlasın və cəmi 9 ay, 1 il cəza alsın? Bu, ədalətsizlikdir. Əgər vətəni qorumağa borclu olan zabit mənim uşağımı zorlayırsa, bu, dünyanın sonudur. Xahiş edirəm, sərt tədbirlər görülsün”.