az.rasthaber.com xəbər verir ki, son günlər İsrail eyni vaxtda Fələstinin gələcək geosiyasətini dəyişəcək iki əsas prosesi gündəmə gətirib.
Qəzzada “Gideon-2” əməliyyatına start verən işğalçı rejim, rəsmilərin bəyanatlarının əksinə olaraq, əslində bütün zolağı ələ keçirib iki milyondan artıq fələstinlini bölgədən çıxarmağı hədəfləyir. Halbuki orduda ehtiyat qüvvələrin səfərbərliyində ciddi çətinliklər mövcuddur və Baş Qərargah rəisi Eyal Zamir əməliyyata qarşı çıxaraq yüksək itkilərə diqqət çəkib. Onun xəbərdarlıqlarına baxmayaraq, Netanyahu kabineti əməliyyatın icrasına israr edir.
Bununla paralel, Qərb Sahilində də yeni plan masadadır. İsrailin ifrat sağçı maliyyə naziri Betsalel Smotrix E1 adlı layihəni irəli sürüb. Layihə, yeni yaşayış məntəqəsinin salınması ilə Şərqi Qüdsün Qərb Sahili ilə birləşdirilməsini və faktiki olaraq ərazinin 70 faizinin ilhaqını nəzərdə tutur. Bu addım Ramallah və Nablusu cənubdakı Xalildən ayırmaqla iki dövlətli həll perspektivini aradan qaldıracaq.
Analitiklərin fikrincə, Qəzza ilə yanaşı Qərb Sahilində həyata keçirilən bu addımlar ABŞ-ın 1990-cı illərdə dəstəklədiyi iki dövlətli həll planının sonunu gətirir. İsrailin hədəfi “yəhudi dövləti”ni rəsmiləşdirmək, fələstinliləri isə ya məcburi köçkünə çevirmək, ya da ən yaxşı halda yerli bələdiyyə səviyyəsində idarəçiliklə məhdudlaşdırmaqdır.