Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində və Dünya Anti-Faşist müharibəsində qazandığı qələbənin 80-ci ildönümü münasibətilə Pekində hərbi parad təşkil olunub.
Tiananmen meydanında keçirilən tədbirdə xarici dövlət rəhbərlərinin də iştirakı ilə böyük hərbi yürüş baş tutub. Parad səhər saat 09:00-da (Bakı vaxtı ilə 04:00) başlayıb.
İran Prezidenti Məsud Pezeşkian da səfəri çərçivəsində 25-dən çox ölkə lideri ilə birlikdə bu tədbirdə iştirak edib.
Tədbirdə Çin ordusunun ən yeni silah və texnikaları nümayiş etdirilib. Parad 45 hərbi birliyin iştirakı ilə təxminən 70 dəqiqə davam edib. Ümumilikdə 26 dövlət və hökumət başçısı anım mərasimində hazır olub.
Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Şi Cinpin və Şimali Koreya rəhbəri Kim Çen In da Pekindəki paradda qısa görüş keçiriblər. Onlar həmçinin İkinci Dünya müharibəsində iştirak etmiş çinli veteranları da salamlayıblar.
Şi Cinpinin çıxışı
Çin Prezidenti Şi Cinpin açılış nitqində deyib:
“Bu gün bütün dünya sülh, yoxsa müharibə; dialoq, yoxsa qarşıdurma dilemması ilə üz-üzədir.”
O, Çin ordusunun milli suverenlik və birliyi, ərazi bütövlüyünü qorumaqla yanaşı, dünya sülhü və inkişafına daha çox töhfə verməli olduğunu bildirib. Cinpin, Çin xalqına dəstək verən bütün ölkələrə təşəkkürünü çatdıraraq əlavə edib:
“Çin xalqının işğalçılara qarşı mübarizəsində bizə dəstək olan bütün dost hökumətlərə və xalqlara səmimi minnətdarlığımızı bildiririk.”
Silahların təqdimatı
-
Parad zamanı Çin dron sistemləri nümayiş etdirilib, helikopterlər formasiya ilə uçuş edib.
-
Nüvə başlığı daşıya bilən raketlər sərgilənib.
-
Çin DF-61 qitələrarası ballistik raketini ilk dəfə nümayiş etdirib. Onun təxmini mənzili 12.000–15.000 km göstərilib.