Türkiyənin Keçmiş Baş Naziri Əhməd Davudoğlu Siyasətdən Getdiyini Açıqladı

2 Dəq Oxuma Müddəti

Davudoğlu siyasətdən çəkildiyini açıqladı

Türkiyənin keçmiş Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb.

Davudoğlu sosial şəbəkə hesabında paylaşdığı bəyanatda rəhbərlik etdiyi Gələcək Partiyasının siyasi fəaliyyətinə son verildiyini və partiyanın buraxıldığını bildirib.

Qərarın səbəbini açıqladı

Əhməd Davudoğlu xatırladıb ki, Gələcək Partiyası 12 dekabr 2019-cu ildə yaradılıb.

O bildirib ki, Türkiyədə həm siyasi sistem, həm də partiya siyasəti ciddi böhran yaşayır. Davudoğlunun sözlərinə görə, ölkənin siyasi tarixində mühüm rol oynamış əsas ideoloji cərəyanlar hazırda ciddi sınaq qarşısındadır.

O qeyd edib ki, partiyanın səlahiyyətli orqanları və silahdaşları ilə aparılan məsləhətləşmələrdən sonra çirklənmiş siyasi mühitin bir hissəsi olmamaq üçün partiya siyasətindən çəkilmək və Gələcək Partiyasının fəaliyyətini dayandırmaq qərarı verilib.

“Bu, təslim olmaq deyil”

Davudoğlu vurğulayıb ki, qəbul edilən qərar təslimçilik anlamına gəlmir.

Onun sözlərinə görə, bu addım siyasətdən imtina deyil, siyasətin yenidən düşünülməsinə çağırışdır. O bildirib ki, Türkiyənin gələcəyi düşüncə azadlığına, hüququn aliliyinə, peşəkarlığa, sosial ədalətə, bərabər vətəndaşlığa, istehsala, ictimai həmrəyliyə və strateji yanaşmaya əsaslanmalıdır.

Fəaliyyətini başqa sahələrdə davam etdirəcək

Əhməd Davudoğlu qeyd edib ki, siyasi partiyanın fəaliyyəti başa çatsa da, ölkəyə xidmət missiyası bununla yekunlaşmır.

O bildirib ki, bundan sonra da elm, təhsil, mədəniyyət, iqtisadiyyat, beynəlxalq diplomatiya və ictimai həmrəylik sahələrində fəaliyyətini davam etdirəcək, doğru hesab etdiyi mövqeləri müdafiə etməyi və yanlışlara münasibət bildirməyi sürdü­rəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş