ABŞ yeni əməliyyat başladığını açıqladı
ABŞ Mərkəzi Komandanlığı bazardan bazar ertəsinə keçən gecə İrana qarşı yeni zərbələrin endirilməsinə başlandığını açıqlayıb.
Qurumun “X” platformasında yaydığı məlumata görə, əməliyyatların məqsədi İranın Hörmüz boğazından keçən mülki gəmilər və ticarət gəmilərini hədəfə alma imkanlarını zəiflətməkdir.
İran strateji limanların hədəfə alındığını bildirir
İran tərəfinin məlumatına görə, ABŞ-ın hücumları ölkənin cənubunda yerləşən Çabahar və Bəndər-Abbas limanlarını hədəf alıb. Bildirilir ki, Buşəhr vilayəti də zərbələrə məruz qalan bölgələr sırasındadır.
Məlumata əsasən, hücumlar yalnız hərbi obyektlərə deyil, həm də iqtisadi əhəmiyyət daşıyan infrastruktur və obyektlərə yönəlib.
İran tərəfi Çabahar limanının Pakistan və Çinlə ticarət əlaqələrində mühüm strateji rol oynadığını vurğulayıb.
Hörmüzgan vilayətində partlayışlar
Məlumatlarda qeyd olunur ki, Hörmüz boğazı və Oman dənizinə çıxışı olan Hörmüzgan vilayətində rabitə obyektləri də hücumların hədəfi olub.
İran televiziyası ölkənin cənubunda müxtəlif bölgələrdə, o cümlədən Sirik şəhərinin Tahəruyi kəndi ətrafında, Bəndər-Abbasın qərbində və Keşm adasında bir neçə partlayışın baş verdiyini bildirib.
Bundan əlavə, Bəndər-Abbasın cənub-şərqində yerləşən Cask şəhərində də üç partlayış səsinin eşidildiyi qeyd olunub.
Məlumata görə, Sirik şəhərinin Tahəruyi kəndində yerləşən rabitə qülləsi də ABŞ hücumlarının hədəfi olub.
İran Xarici İşlər Nazirliyi hücumları pisləyib
İran Xarici İşlər Nazirliyi son 24 saat ərzində həyata keçirilən ABŞ hücumlarını qəti şəkildə pisləyib.
Nazirliyin bəyanatında bu əməliyyatların beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığı bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, hücumlar Qərbi Asiyada gərginliyin azaldılması istiqamətində son aylarda aparılan səylərə zərbə vurur.
İran tərəfi ABŞ-ı infrastruktur obyektlərini hədəfə almaqda, Hörmüz boğazında təhlükəsizliyi pozmaqda və beynəlxalq ticarət gəmiçiliyinə mane olmaqda ittiham edib.

