Təhlükəsizlik səbəbi ilə mərasimə qatılmaya bilər
Ayətullah Müctəba Xameneinin Hindistandakı nümayəndəsi Ayətullah İlahi bildirib ki, təhlükəsizlik riskləri səbəbindən onun Şəhid Seyid Əli Xamenei ilə bağlı keçiriləcək vida mərasimlərində iştirak etməsi mümkün olmaya bilər.
İlahinin sözlərinə görə, o, ötən həftə İranda olub və Ayətullah Müctəba Xamenei ilə görüşən şəxslərlə danışıb. Bildirilib ki, Ayətullah Xamenei insanların arasına çıxmaq istəsə də, təhlükəsizlik qurumları buna razılıq vermirlər.
Nümayəndənin sözlərinə görə, təhlükəsizlik orqanları mövcud şəraitdə onun təhlükəsizliyini təmin edə bilməyəcəklərini bildiriblər.
Sionist rejimin açıqlamaları gərginliyi artırıb
Bu açıqlama sionist rejimin müdafiə naziri İsrael Katsın İranla bağlı son bəyanatlarından sonra verilib.
Kats mətbuat konfransında sionist rejim ordusuna İrana qarşı müstəqil hərbi əməliyyat planı hazırlamaq göstərişi verildiyini bildirib.
O, həmçinin İranla yeni hərbi qarşıdurmanın istənilən vaxt başlaya biləcəyini iddia edib və Ayətullah Müctəba Xamenei barədə səsləndirilən sualı cavablandırarkən onun hədəf olduğunu irəli sürüb.
Tehran sərt cavab verib
İranın xarici işlər naziri Abbas Əraqçi isə bu bəyanatlara cavab olaraq bildirib ki, İran xalqına və ölkə rəhbərliyinə qarşı istənilən təhdid dərhal qətiyyətli cavabla qarşılanacaq.
Onun sözlərinə görə, Tehran təhlükəsizlik və milli maraqları ilə bağlı heç bir təhdidi cavabsız qoymayacaq.
Vida mərasimləri bir neçə şəhərdə keçiriləcək
Rəsmi məlumata görə, Seyid Əli Xamenei üçün anım və vida mərasimləri 4–9 iyul tarixlərində Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində təşkil olunacaq.
Bildirilib ki, mərasimlər başa çatdıqdan sonra cənazə Məşhəddəki İmam Rza (ə) ziyarətgahında dəfn ediləcək.

