14 milyon dollardan çox vəsait müsadirə olunub
İraqın Məhkəmə Şurası bildirib ki, korrupsiya ittihamı ilə saxlanılan neft nazirinin paylama işləri üzrə müavini Əli Bəhadili ilə bağlı ilkin istintaq zamanı 11 milyon ABŞ dolları və 4 milyard İraq dinarı aşkarlanaraq götürülüb.
Rəsmi məlumata görə, ümumi məbləğ 14 milyon ABŞ dollarından çox təşkil edir. Bundan əlavə, istintaq çərçivəsində bir sıra daşınmaz əmlak da müəyyən edilərək nəzarətə götürülüb.
“Sübh hücumu” əməliyyatı davam edir
Əli Bəhadili bazar günü İraq hakimiyyətinin “Sübh hücumu” adlandırdığı genişmiqyaslı antikorrupsiya əməliyyatı çərçivəsində saxlanılıb.
Əməliyyat zamanı Bağdad və digər vilayətlərdə korrupsiyada şübhəli bilinən dövlət rəsmiləri və siyasətçilərin evlərində axtarışlar aparılıb.
Onlarla vəzifəli şəxs saxlanılıb
İraq Xəbər Agentliyinin yüksəkvəzifəli mənbələrə istinadən yaydığı məlumata əsasən, əməliyyat çərçivəsində korrupsiya ittihamı ilə ümumilikdə 47 nəfər, o cümlədən ən azı 12 deputat və yüksək vəzifəli məmurlar saxlanılıb.
Hökumət sözçüsü Heydər Əl-Əbudi isə bildirib ki, indiyədək 21 nəfər barəsində həbs qərarı icra olunub, digər şübhəlilərin isə axtarışı davam edir.
Onun sözlərinə görə, saxlanılan şəxslərin ifadələri yeni adların və maliyyə şəbəkələrinin üzə çıxmasına səbəb olub.
İstintaq davam edir
Məhkəmə Şurası araşdırmaların davam etdiyini və korrupsiya şəbəkəsinin bütün iştirakçılarının məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin görüldüyünü bildirib.
Qeyd edək ki, əməliyyat İraqın Baş naziri Əli əz-Zeydinin iyul ayının ortalarında ABŞ-a planlaşdırılan ilk xarici səfəri ərəfəsində həyata keçirilir. Baş nazir vəzifəyə başladıqdan sonra korrupsiyaya qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib.

