Əraqçi Bağdadda iraqlı həmkarı ilə görüşüb
İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü İraqın paytaxtı Bağdada səfər edib və iraqlı həmkarı Fuad Hüseyn ilə birgə mətbuat konfransı keçirib.
Tərəflər görüş zamanı İran–İraq münasibətlərini, regional təhlükəsizlik məsələlərini, Hörmüz boğazındakı vəziyyəti və Livanda davam edən hadisələri müzakirə ediblər.
Əraqçi bildirib ki, səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir.
“Hörmüzə müdaxilə gərginliyi artıracaq”
İranlı nazir vurğulayıb ki, Hörmüz boğazının idarə olunması İranın səlahiyyətindədir və bölgədə vəziyyətin müharibədən əvvəlki vəziyyətə qayıtması planlaşdırılır.
Onun sözlərinə görə, İran istisna olmaqla istənilən tərəfin boğazın idarə olunmasına müdaxiləsi onun yenidən açılmasını gecikdirəcək və regionda gərginliyi daha da artıracaq.
Əraqçi qeyd edib ki, Tehran İran və ABŞ arasında imzalanmış memorandumdan sonra həyata keçirilən Amerika hücumlarını əldə olunmuş razılaşmanın kobud şəkildə pozulması kimi qiymətləndirir və belə hallara qətiyyətli cavab veriləcəyini bildirib.
Vaşinqtona Livanla bağlı çağırış
İranın xarici işlər naziri ABŞ-ı İsrailə təsir göstərməyə çağırıb.
O bildirib ki, İran–ABŞ memorandumu çərçivəsində Vaşinqton İsraili Livan ərazilərindən çıxmağa və ölkəyə qarşı bütün hərbi əməliyyatları dayandırmağa məcbur etməlidir.
İraq: Prioritetimiz müharibənin başa çatmasıdır
İraqın xarici işlər naziri Fuad Hüseyn isə çıxışında İran və ABŞ arasında əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, bu addımlar Hörmüz boğazının yenidən açılmasına və İrana tətbiq olunan blokadanın aradan qaldırılmasına töhfə verə bilər.
Hüseyn qeyd edib ki, Bağdad İranla müharibəyə qarşı çıxıb, çünki belə bir qarşıdurma bütün region üçün ciddi təhlükə yaradır.
Nazirin sözlərinə görə, İraq həm ABŞ, həm də İranla münasibətlərini qoruyur və ölkənin əsas məqsədi bölgədə müharibənin sona çatmasına töhfə verməkdir.

