İran ABŞ Hücumunu Pislədi: Suverenliyimizi Qorumaqda Qətiyyətliyik

2 Dəq Oxuma Müddəti

Tehran ABŞ-ın hava hücumlarını qınadı

İran Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda ABŞ ordusunun ölkənin cənub sahillərində yerləşən bir sıra müşahidə və nəzarət obyektlərinə endirdiyi hava zərbələrini qətiyyətlə pisləyib.

Nazirlik bildirib ki, bu hücumlar BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulmasıdır. Həmçinin qeyd olunub ki, əməliyyatlar 18 iyun 2026-cı il tarixli müharibənin dayandırılmasına dair memorandumun birinci maddəsinə də ziddir.

“İran öz suverenliyini müdafiə edəcək”

Bəyanatda vurğulanıb ki, ABŞ-ın addımları Vaşinqtonun beynəlxalq öhdəliklərinə sadiq olmadığını nümayiş etdirir.

İran Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və BMT Baş katibini beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıb.

Tehran eyni zamanda BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək, ölkənin milli suverenliyini və ərazi bütövlüyünü ABŞ-ın hərbi hücumlarından qorumaqda qətiyyətli olduğunu bəyan edib.

ABŞ İranın cənubundakı hədəflərə zərbələr endirdiyini açıqlayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gecə saatlarında yaydığı açıqlamada İrana qarşı əlavə əməliyyat həyata keçirdiyini təsdiqləyib.

Vaşinqton bu hücumların İranın bir neft tankerinə qarşı həyata keçirdiyini iddia etdiyi əməliyyata cavab olduğunu bildirib.

ABŞ-ın məlumatına görə, zərbələr hərbi müşahidə infrastrukturu, rabitə sistemləri, hava hücumundan müdafiə obyektləri, pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr və dəniz minaları ilə bağlı imkanları hədəf alıb.

İran mediası isə Hörmüzqan vilayətinin Sirik və Qeşm bölgələrində, eləcə də Bəndər-Lenge və Bəndər-Kəng şəhərlərində bir neçə partlayış səsinin eşidildiyini bildirib.

SEPAH ABŞ hərbi obyektlərinə cavab zərbəsi endirdiyini açıqlayıb

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bundan sonra yaydığı bəyanatda ABŞ-ın son hücumlarına cavab olaraq ballistik raketlər və pilotsuz uçuş aparatları ilə birgə əməliyyat keçirdiyini açıqlayıb.

SEPAH bildirib ki, əməliyyat zamanı Küveytdə yerləşən Əli Əl-Salim aviabazası və Bəhreyndəki ABŞ Beşinci Donanmasının qərargahı da daxil olmaqla, səkkiz Amerika hərbi obyekti hədəfə alınıb.

Bəyanatda vurğulanıb ki, ABŞ tərəfindən istənilən yeni hücum daha genişmiqyaslı cavabla qarşılanacaq. SEPAH-ın Hərbi Dəniz Qüvvələri də ABŞ-ın Sirik bölgəsinə endirdiyi zərbələrin İranın Hörmüz boğazına nəzarətini dəyişdirə bilməyəcəyini bəyan edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş