“Türkiyə hədəf deyildi”
Türkiyəli rəsmi şəxs Agence France-Presse agentliyinə açıqlamasında bildirib ki, İran tərəfindən atılan və Türkiyə hava məkanına yönələn raket ölkəni hədəf almamışdı.
Onun sözlərinə görə, raket NATO-nun Şərqi Aralıq dənizində yerləşən hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Hədəf Yunan Kipri bazası ola bilər
Rəsmi əlavə edib ki, ilkin qiymətləndirməyə əsasən, raket Yunan Kiprində yerləşən hərbi bazanı hədəf almış ola bilər, lakin trayektoriyasından yayınaraq Türkiyə istiqamətinə yönəlib.
MSB-nin əvvəlki açıqlaması
Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi İran mənşəli ballistik sursatın İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə istiqamətinə yönəldiyini və vaxtında məhv edildiyini bildirmişdi.
Hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.
Regional gərginlik fonunda
İnsident İranın ABŞ və İsrailə qarşı həyata keçirdiyi cavab hücumları fonunda baş verib. Tehran regiondakı ABŞ bazalarını və digər hədəfləri vurduğunu bildirir.
Ankara isə vəziyyəti yaxından izlədiyini və hava məkanının təhlükəsizliyinin təmin olunduğunu vurğulayır.
