“Zorakılıqdan uzaqlaşma və siyasi mərhələ”
Abdullah Öcalan bu gün yaydığı məktubda PKK-nın özünü ləğv etməsi və silahlı mübarizə strategiyasına son qoymasının təkcə formal addım olmadığını vurğulayıb. O bildirib ki, bu qərar zorakılıqdan zehni təmizlənmənin göstəricisi və siyasətə açıq üstünlük verilməsinin ifadəsidir.
Öcalan məktubunda qeyd edib ki, bu addım eyni zamanda respublika ilə “zehni barış” elanıdır. Onun sözlərinə görə, geridə qalan mərhələ hərəkatın gücünü və danışıqlar aparmaq qabiliyyətini nümayiş etdirib.
O hesab edir ki, danışıqlar prosesi zorakılıq və parçalanma siyasətindən demokratik siyasət və inteqrasiyaya keçidi təmin edə bilər.
“Mənfi mərhələdən müsbət quruculuğa keçid”
Türk-kürd birliyi vurğusu
Öcalan bildirib ki, respublikanın quruluş mərhələsində qəbul olunan əsas mətnlər türk-kürd birliyini ifadə edirdi. Onun fikrincə, türkləri kürdlərdən, kürdləri isə türklərdən ayrı təsəvvür etmək mümkün deyil.
O, ötən ilin 27 fevral tarixində etdiyi çağırışın bu birliyi yenidən canlandırmaq cəhdi olduğunu və demokratik respublika tələbi daşıdığını xatırladıb. Öcalan əlavə edib ki, artıq “mənfi mərhələdən müsbət quruculuq mərhələsinə” keçməyin vaxtıdır.
Yeni siyasi strategiya
PKK lideri məktubunda yeni bir siyasi strategiyanın və dövrün başlandığını qeyd edib. Onun sözlərinə görə, məqsəd “qan və qarşıdurma ilə qidalanan mexanizmi qırmaq”dır.
Öcalan vurğulayıb ki, müsbət quruculuq mərhələsində hədəf hər hansı institutu ələ keçirmək deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyət səviyyəsinə yüksəlməsidir. O, məzlum təbəqələrin və etnik, dini, mədəni qrupların hüquqlarını demokratik mübarizə yolu ilə qoruyub inkişaf etdirə biləcəyini bildirib.
Demokratik hüquq sistemi çağırışı
Öcalan bir çox problemlərin və böhranların səbəbini demokratik hüquq sisteminin olmaması ilə əlaqələndirib. O, qarşı tərəfə özünü düzgün ifadə etmək imkanı verilməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, 9 iyul 2025-ci ildə Öcalan Türkiyə dövlətinə qarşı silahlı mübarizənin başa çatdığını və silahların təhvil veriləcəyini elan etmişdi. O, tam şəkildə demokratik siyasətə keçid etdiklərini bəyan etmişdi.
Bu gün isə PKK-nın ləğvi ilə bağlı tarixi çağırışın bir ili tamam olur. Türkiyədə son aylar kürd məsələsinin həlli istiqamətində siyasi və parlament səviyyəsində müxtəlif təşəbbüslər irəli sürülüb. Bu çərçivədə Xalqların Demokratiya və Bərabərlik Partiyasının nümayəndə heyəti Öcalanı İmralı adasındakı həbsxanada ziyarət edib.
