Tehran: Cenevrədə Danışıqlara Tam Hazırıq

1 Dəq Oxuma Müddəti

“Milli maraqlar naminə hazırıq”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Cenevrədə olan İran nümayəndə heyəti danışıqları davam etdirmək və milli maraqları təmin etmək üçün tam hazırlıq vəziyyətindədir.

Bəqayi İran televiziyasına müsahibəsində qeyd edib ki, Tehranın mövqeləri və baxışları Oman vasitəçisi vasitəsilə ABŞ tərəfinə çatdırılıb.

Üçüncü raund faktiki başlayıb

Sözçü vurğulayıb ki, İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu faktiki olaraq dünəndən başlayıb. Bu proses İranın xarici işlər naziri Abbas Əraqçinin Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə Cenevrədə keçirdiyi görüşlə start götürüb.

Hazırkı mərhələdə müzakirələrin əsas mövzusu nüvə proqramı və sanksiyaların ləğvi məsələsidir.

ABŞ mövqeyində ziddiyyət iddiası

Bəqayi bildirib ki, ABŞ mövqeyində müşahidə olunan ziddiyyətlər İran üçün yeni deyil və Tehran uzun illərdir bu vəziyyətlə üzləşir.

İran tərəfi mümkün razılaşma çərçivəsində nüvə proqramı və sanksiyaların aradan qaldırılması ilə bağlı konkret maddələr təqdim edib. Bu təkliflər Oman vasitəsilə ABŞ-a ötürülüb.

İran dövlət informasiya agentliyi qeyd edib ki, təqdim olunan təkliflər Vaşinqtonun diplomatik prosesə nə dərəcədə ciddi yanaşdığını yoxlamaq məqsədi daşıyır. Bildirilib ki, Ağ Evin təklifləri rədd etməsi ABŞ-ın diplomatik yol üzrə səmimiyyətinə dair şübhələri gücləndirə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş