“Nüvə silahı mövqeyimiz əqidəvidir”
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsinin nüvə silahına sahib olmamaq mövqeyi siyasi taktika deyil, dini və fiqhi əsaslara söykənən prinsipial qərardır.
O vurğulayıb ki, Ali rəhbər Ayətullah Seyid Əli Xameneinin nüvə silahının əldə edilməməsi ilə bağlı mövqeyi müvəqqəti siyasi bəyanat deyil, sabit əqidəvi yanaşmadır və dəyişkən maraqlardan asılı deyil.
Bu açıqlama İran və ABŞ arasında Cenevrədə keçirilən dolayı danışıqların üçüncü raundu ilə eyni vaxta təsadüf edir.
Yanvar hadisələrinə münasibət
Pezeşkian Mazandaran vilayətində çıxışı zamanı yanvar ayında baş vermiş hadisələrə də toxunub. O bildirib ki, həmin dövrdə ölkə daxilində sabitliyi pozmağa yönəlmiş cəhdlər olub.
Prezident məscidlərin yandırılması və təhlükəsizlik qüvvələrinə hücumların etiraz aksiyası kimi təqdim edilə bilməyəcəyini deyib. ABŞ prezidentinin yanvar hadisələrində 32 min nəfərin öldüyü barədə iddialarına cavab olaraq isə rəsmi siyahıların yayımlandığını və əlavə sübutu olanların onu təqdim etməli olduğunu qeyd edib.
“Heç bir güc İranı iflic edə bilməz”
Pezeşkian bildirib ki, heç bir xarici qüvvə İranı iflic vəziyyətinə sala bilməz. Onun sözlərinə görə, ölkənin insan və elmi potensialı kifayət qədər güclüdür və milli birlik istənilən təzyiqin qarşısını almağa qadirdir.
O əlavə edib ki, ayrı-ayrı şəxslərin hədəfə alınması ümumi sistemi zəiflətməyəcək, çünki ölkədə kifayət qədər kadr və idarəçilik potensialı mövcuddur.
Qonşularla əməkdaşlıq kursu
İran Prezidenti qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılmasının prioritet olduğunu da vurğulayıb. Onun sözlərinə görə, qarşılıqlı hörmət və suverenliyə əsaslanan regional əməkdaşlıq çətin dövrlərdə müsbət nəticələr verib.
Pezeşkian qeyd edib ki, regiondaxili əməkdaşlıq bütün tərəflər üçün daha sabit və uzunmüddətli fayda yaradır.
