964 hal sənədləşdirilib
Avropa Hüquqi Dəstək Mərkəzi (ELSC) tərəfindən yayımlanan yeni hesabatda 2019-cu ilin yanvarından 2025-ci ilin avqustunadək Britaniyada Fələstinlə həmrəyliyə qarşı 964 təzyiq və məhdudiyyət hadisəsinin qeydə alındığı bildirilib. Məlumatı Middle East Monitor yayıb.
Sənəddə qeyd olunur ki, müxtəlif sektorları əhatə edən institusional təzyiq kampaniyası müşahidə olunur. Xüsusilə 2023-cü ilin oktyabrından sonra – İsrailin Qəzza zolağına qarşı müharibəsindən sonra – qeydə alınan hadisələrin sayında ciddi artım baş verib.
Ən çox kimlər hədəf alınıb?
Polis və təhsil müəssisələri ön planda
Hesabata əsasən, ən çox adı hallanan qurumlar hüquq-mühafizə orqanları və dövlətlə əlaqəli strukturlar olub. Polis və təhlükəsizlik əməkdaşlarının 220 sənədləşdirilmiş hadisədə iştirakı qeyd olunub və bu qurumlar ən çox təkrarlanan tərəf kimi göstərilib.
Təhsil müəssisələri 192 hadisə ilə ikinci sırada yer alır. İsrailyönlü lobbi və hüquqi təqib qrupları 141 hadisə ilə əlaqələndirilib, jurnalist və media nümayəndələrinin adı isə 113 halda çəkilib.
Tələbələr və müəllimlər əsas hədəfdir
İctimai sektorda çalışanlara təzyiq
Məlumatlara görə, təzyiqlər daha çox ictimai qurumlarda çalışan şəxslərə və təşkilatlanma məkanlarına yönəlib. Tələbələr, akademiklər və müəllimlər 336 hadisə ilə ən çox hədəf alınan qrup olub. Onları 229 hadisə ilə fəallar və təşkilatçılar izləyir.
Dövlət və özəl sektorda çalışan şəxslərlə bağlı 169 hadisə qeydə alınıb. 71 hadisə isə incəsənət və mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərlə əlaqələndirilib.
“Britaniya Repressiya İndeksi” yaradılıb
Bu nəticələr “Britaniya Repressiya İndeksi” adlı milli məlumat bazasının tərkib hissəsidir. Layihə Forensic Architecture ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və Londondakı Frontline Clubda təqdim olunub.
Axtarış imkanı olan məlumat bazasına həbslər, işdən çıxarmalar, vəzifədən uzaqlaşdırmalar və tədbirlərin ləğvi kimi hallar daxil edilib. Layihə 2025-ci ildə Almaniyada istifadəyə verilib və hazırda Britaniyada ictimaiyyət üçün açıqdır. Təşəbbüs ölkədə bu tipli ilk məlumat bazası kimi təqdim olunur.
Hesabat müəllifləri bildirirlər ki, sənədləşdirilən hallar Fələstinlə həmrəyliyə münasibətdə ifadə azadlığı və vətəndaş hüquqları ilə bağlı geniş müzakirələrə səbəb ola bilər.
