Bilal Ərdoğandan biznes açıqlaması
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan gənclərlə görüşü zamanı biznes fəaliyyəti və gəlir mənbələri ilə bağlı açıqlama verib. O, söhbət zamanı Bakıda restoran açmaq planlarının olduğunu deyib.
Gənclərdən birinin “Necə pul qazanırsınız?” sualını cavablandıran Bilal Ərdoğan şəxsi biznes yolundan danışıb.
Biznesə ABŞ-da başlanılıb
Bilal Ərdoğan bildirib ki, 2007-ci ildə ilk dəfə ticarətlə məşğul olmağa başlayıb. Onun sözlərinə görə, ABŞ-da Türkiyədən tanıdığı dostları köşklərdə müxtəlif məhsullar satırmış və sonradan Türkiyəyə qayıdaraq bizneslərini orada davam etdirmək niyyətində olublar.
“Onlar Türkiyəyə qayıtmaq istədiklərini dedilər. Mən də onlara şərik olmağı təklif etdim”, – deyə Bilal Ərdoğan qeyd edib.
Kosmetikadan restorana uzanan yol
Ərdoğanın sözlərinə görə, ortaqlıq çərçivəsində Türkiyədə başladılan ilk biznes kosmetika sahəsində olub. Daha sonra isə 2009-cu ilin əvvəlində eyni tərəfdaşlarla birlikdə restoran biznesinə daxil olublar.
“O vaxtdan bəri qida sektorundayam. Şəriki olduğum restoranlar var”, – deyə o bildirib.
Dubaydan Bakıya planlar
Bilal Ərdoğan qeyd edib ki, təxminən il yarım əvvəl Dubayda restoran açılıb. Bununla yanaşı, yaxın perspektivdə Bakıda da yeni restoran layihəsinin həyata keçirilməsi planlaşdırılır.
O, Bakıda açılması nəzərdə tutulan restoranla bağlı əlavə detalları açıqlamasa da, planların mövcud olduğunu açıq şəkildə təsdiqləyib.
