Axios: Tramp Administrasiyası İranla Görüşə Açıqdır

2 Dəq Oxuma Müddəti

Ankara’da mümkün danışıqlar gündəmdədir

ABŞ-ın Axios nəşri bazar günü yaydığı hesabatda iki regional mənbəyə istinadla bildirib ki, Misir, Qətər və Türkiyə gələn həftə Ankarada mümkün görüşün təşkili üzərində çalışır. Görüşün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof ilə İranın yüksəkvəzifəli rəsmiləri arasında keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, bu təşəbbüs ABŞ və İran arasında yeni danışıqlar kanalının açılması məqsədi daşıyır və vasitəçi ölkələr regionda genişmiqyaslı müharibənin qarşısını almağa çalışır.

“Prosess irəliləyir”

Axios-a danışan iştirakçı ölkələrdən birinin rəsmisi bildirib:
“Proses hərəkətə gəlib və biz mümkün olan bütün səyləri göstəririk”.

Mənbənin sözlərinə görə, Misir, Qətər və Türkiyə daha əvvəl Qəzza’da atəşkəs razılaşmasının əldə olunmasında rol oynayıb və indi də Vaşinqtonla Tehranı danışıqlar masasına gətirməyi hədəfləyir.

ABŞ: danışıqlara açığıq

Hesabatda qeyd olunur ki, yüksəkvəzifəli bir ABŞ rəsmisi də Axios-a açıqlamasında Donald Tramp administrasiyasının İran tərəfinə müxtəlif əlaqə kanalları vasitəsilə danışıqlar üçün görüş keçirməyə açıq olduğunu çatdırdığını bildirib.

Bu açıqlama ABŞ-ın Fars körfəzində hərbi mövcudluğunu artırdığı və regionda hərbi gərginliyin yüksəldiyi bir dövrə təsadüf edir.

Qətərin vasitəçilik rolu

Xəbərdə vurğulanır ki, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Sani şənbə günü Tehrana səfər edib. Səfər çərçivəsində o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşlər keçirib.

Bu görüşlərin əsas mövzularından birinin regional gərginlik və mümkün diplomatik həll yolları olduğu bildirilir.

Tehran: danışıqlar üçün struktur qurulur

Mövzu ilə bağlı daha əvvəl açıqlama verən Əli Laricani qeyd edib ki, süni şəkildə yaradılan media müharibəsinə baxmayaraq, danışıqlar üçün zəruri mexanizmin qurulması prosesi davam edir. Onun sözlərinə görə, Tehran diplomatik variantı tam istisna etmir, lakin milli maraqların təmin olunmasını əsas şərt hesab edir.

Regional gərginlik fonunda diplomatik cəhd

Müşahidəçilərin fikrincə, Ankara’da mümkün görüş ABŞ–İran münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər. Lakin tərəflər arasında etimadsızlıq və bölgədə davam edən hərbi gərginlik danışıqların taleyini qeyri-müəyyən saxlayır.

Buna baxmayaraq, vasitəçi ölkələrin fəallaşması diplomatik kanalların hələ tam bağlanmadığını göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş