Beynəlxalq münasibətlər üzrə ekspert bildirir ki, ABŞ Qrenlandiyanı asanlıqla ələ keçirə bilər, lakin Tehranda rejim dəyişikliyi həyata keçirmək xeyli çətindir.
Con Mirsheymer 1982-ci ildən bəri dərs dediyi Çikaqo Universitetində R. Wendell Harrison adına “Üstün Xidmət” Siyasi Elmlər Professoru vəzifəsində çalışır. Təhlükəsizlik məsələləri və beynəlxalq siyasət mövzusunda geniş yazıları olan Mirsheymer, beynəlxalq sistemə hökmranlıq etmək istəyən böyük güclərin daim bir-biri ilə təhlükəsizlik rəqabətinə girməli olduğunu və bunun bəzən müharibəyə yol açdığını iddia edən “hücumçu realizm” nəzəriyyəsi ilə tanınır.
“100 Açıq Sual” müsahibəmizdə Mirsheymer ABŞ-nin Venesuelaya müdaxiləsini, Donald Trampın Qrenlandiyanı ələ keçirmə ambisiyasını və bunların böyük güc siyasətinə təsirlərini müzakirə edir. O, daha əvvəl Post qəzetinə liberal demokratiyaya yönələn təhdidlər barədə danışmışdı.
ABŞ-nin Venesuela əməliyyatının müharibədən sonrakı dünya nizamına təsirləri nələrdir? Bu vəziyyət böyük güclərin dövlət suverenliyini və daxili işlərə qarışmama prinsipini görməzdən gəlməsi üçün presedent yarada bilərmi?
Tramp administrasiyasının hazırda etdikləri BMT Nizamnaməsinin əsas prinsiplərini açıq şəkildə zəiflədəcək. Buna heç bir şübhə yoxdur. Prezident digər ölkələrin suverenliyinə çox da hörmət etmədiyini göstərdi. Bildiyimiz kimi, böyük güclər onsuz da başqa dövlətlərin suverenliyinə çox da əhəmiyyət verməyə meylli deyillər.
Ancaq edilməli olan şey, bir böyük gücün digər dövlətlərin işlərinə müdaxilə etmə hallarını minimuma endirmək üçün maksimum səy göstərməsidir. Halbuki [ABŞ Prezidenti Donald] Tramp uyğun gördüyü hər an başqa dövlətlərin işlərinə qarışmaq, onların suverenliyinə meydan oxumaq və ya onu zəiflətmək haqqına sahib olduğunu açıq şəkildə ortaya qoydu. Bu yaxşı bir şey deyil. Bu, pis bir presedentdir.
Tramp daha əvvəl də suverenlik və müdaxilə etməmək prinsiplərini görməzdən gəlmişdi. Bu dəfə fərq nədir?
Keçmişdə suverenliyə çox da əhəmiyyət vermədiyi şübhəsizdir. Ancaq bu, suverenliyin son dərəcə açıq bir pozuntusudur. Çünki Amerika ordusu tam mənası ilə başqa bir ölkəyə göndərildi və həmin ölkənin lideri qaçırıldı. Bu, suverenlik anlayışının açıq-aşkar tapdalanmasıdır. Daha diqqətçəkən məqam isə bunun beynəlxalq hüquq və ya beynəlxalq normalar çərçivəsində əsaslandırılmağa belə çalışılmamasıdır. Sadəcə olaraq belə dedi: “Mən [keçmiş Venesuela prezidenti Nikolas] Madurodan qurtulmağın Amerikanın maraqlarına uyğun olduğunu düşünürəm və bunu edəcəyəm. Nöqtə. Mövzu bağlanıb.”
“Beynəlxalq hüququn bu kimi hallarda heç bir əhəmiyyəti yoxdur. Mən nə istəyirəmsə, onu edərəm.” Onun əsas dünyagörüşü budur. Düşünürəm ki, Venesuela nümunəsində bu dünyagörüşü indiyə qədər olmadığı qədər açıq şəkildə nümayiş etdirildi.
Bəzi insanlar bunu ABŞ-nin vaxtilə Panamanın lideri Manuel Norieqanı ələ keçirməsi ilə müqayisə edir. Sizcə bu oxşardırmı?
Norieqa hadisəsi ilə oxşarlıq var. ABŞ ordusu ölkəyə girdi, Norieqanı faktiki olaraq qaçırdı, ABŞ-yə gətirdi və mühakimə etdi. Maduro ilə baş verən də budur. Venesuelaya girdik, onu qaçırdıq, ABŞ-yə gətirdik və mühakimə edəcəyik. Bu baxımdan iki hadisə oxşardır.
Böyük fərq ondadır ki, Panama Venesuelaya nisbətən çox daha asan bir hədəf idi. Venesuela daha böyük bir ölkədir və Amerikanın Venesueladakı ambisiyaları Panamadakından qat-qat böyükdür.
Panamaya girdikdə neft sənayesini ələ keçirmək və uzunmüddətli perspektivdə siyasətini idarə etmək kimi bir məqsədimiz yox idi, çünki Panamanın neft sənayesi yox idi.
Ancaq Venesuela məsələsində Trampın təşəbbüsü hələ yeni başlayıb və bu, son dərəcə iddialı bir cəhddir. Biz sadəcə liderdən qurtulub yerinə başqasını gətirməklə kifayətlənmirik. Neft sənayesini ələ keçirmək və Venesuelanın neft sektorunu idarə etmək istəyirik. Bu isə sabit və ABŞ-nin istəklərinə uyğun davranacaq bir hökumətin hakimiyyətdə olmasını tələb edir.
Öz qoyduğu hədəflərə çatmaq baxımından ABŞ-nin Venesuelada qarşısında nəhəng bir vəzifə var.
Son müsahibəmizdə qlobal anarxiyanın qaçılmazlığından danışmışdınız. Trampın addımları sizin üçün sürpriz idimi?
Hər bir böyük gücün öz regionuna böyük əhəmiyyət verdiyi şübhəsizdir. Çinlilər Şərqi Asiyanı, ruslar Şərqi Avropanı, ABŞ isə Qərb yarımkürəsini önəmli sayır. ABŞ başqa heç bir böyük gücün Qərb yarımkürəsinə hərbi müdaxilə etmədiyinə əmin olmaq istəyir. Monro Doktrinasının mahiyyəti də məhz budur.
Ancaq bu konkret halda Amerikanın Qərb yarımkürəsindəki maraqlarına hansı təhlükənin yönəldiyini görmək çətindir. Başqa sözlə, Maduronun qaçırılmasına və Trampın dediyi kimi Venesuelanı “idarə etməyə” cəhd etməyimizə səbəb olan Venesuela mənşəli təhlükə nədir?
Mən ciddi bir təhlükəyə dair inandırıcı dəlil görmürəm. Burada baş verənlər böyük güc siyasəti deyil. Bu, ABŞ-nin Qərb yarımkürəsindəki hegemon mövqeyinin Çin və ya Rusiya tərəfindən təhdid edildiyi bir vəziyyət deyil. Bu, köhnə üsullu imperializmdir. ABŞ ora gedib Venesuela neftinə nəzarəti ələ keçirməyə qərar verdi.
Bir daha vurğulayıram: Venesueladan ABŞ-yə yönəlmiş ciddi bir təhlükə yoxdur. Administrasiya Venesueladan ABŞ-yə narkotik axdığını və ölkənin narko-terrorçularla dolu olduğunu iddia etməyi sevir. Bu, gülünc bir arqumentdir.
Əgər ABŞ-yə narkotik axınını dayandırmaqla maraqlanırsınızsa, Venesuela narahat olacağınız ölkələr siyahısında alt sıralarda yer alar. Əvvəlcə Meksika, Kolumbiya, Ekvador və bir neçə başqa ölkə ilə məşğul olardınız. Venesuela nə böyük narkotik istehsalçısıdır, nə də ABŞ-yə gedən narkotiklərin əsas tranzit nöqtəsidir.
Buna görə də bunu narko-terrorla əlaqələndirmək mümkün deyil. Eyni zamanda Monro Doktrinasının pozulması arqumentini də irəli sürə bilməzsiniz. Çünki Venesuela Çin və ya Rusiya ilə ABŞ-nin Qərb yarımkürəsindəki hegemoniyasını təhdid edəcək hərbi ittifaq qurmur. Bu, müdafiə edilə bilməyən bir iddiadır.
Yəni böyük güc siyasəti baxımından Venesueladan qaynaqlanan bir təhlükə yoxdur. ABŞ-nnin Venesuelaya girməsinin əsas səbəbi Prezident Trampın Venesuela neftinin “bizim” olduğuna inanması və onun nəzarətini ələ keçirmək istəməsidir. Bu, onun dünyagörüşüdür.
Bu, işlək bir böyük güc siyasəti deyil. Bu, çoxdan görmədiyimiz köhnə tip imperializmdir.
xarici
