Yəməndə Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi hərəkatın qurucu lideri Hüseyn Bədrəddin əl-Husinin şəhadətinin ildönümü münasibətilə etdiyi çıxışda İsrailə qarşı sərt mesajlar verib.
Əl-Husi İsrailin Somaliland istiqamətində atdığı addımları tənqid edərək Somali xalqına dəstək verdiklərini vurğulayıb. O bildirib ki, Somalilandda baş verən son proseslər təkcə Somaliyə deyil, eyni zamanda Yəmənə, Qırmızı dənizə və Bab əl-Məndəb boğazının təhlükəsizliyinə də mənfi təsir göstərir.
Çıxışında mövqelərin konkret addımlara çevrilməsinin vacibliyini qeyd edən əl-Husi, İsrailin Somalilandda mümkün mövcudluğuna qarşı hərbi mövqe tutacaqlarını bəyan edib. Əl-Husi deyib:
“Biz müşahidəmizi davam etdiririk. İsrailin Somalilanddakı istənilən hərbi və ya mülki varlığı bizim üçün qanuni hədəfdir. Bu məsələdə tərəddüd etməyəcəyik.”
İşğalçı İsrailin Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzinə çıxış əldə etməyi hədəflədiyini iddia edən əl-Husi, bu cəhdlərin regiondakı dəniz ticarət yolları üçün ciddi təhlükə yaratdığını söyləyib.
Əl-Husi həmçinin İsrailin xarici işlər naziri Gideon Saarın 6 yanvar tarixində Somaliland-a etdiyi səfərin ictimaiyyətdən gizli şəkildə baş tutduğunu irəli sürərək, bu addımın regional tarazlıqları pozduğunu bildirib.
Sionist İsrail rəsmiləri mövzu ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
