Venesuela–Trinidad enerji münasibətlərində kəskin dönüş
Venesuela hökuməti ABŞ administrasiyasının Venesuela neftinə qarşı həyata keçirdiyi və “quldurluq” kimi qiymətləndirilən əməliyyatda iştirak etdiyinə görə Trinidad və Tobaqoya təbii qaz tədarükünü dərhal dayandırdığını bəyan edib. Rəsmi Karakas bununla bağlı bütün mövcud müqavilələri, razılaşmaları və aparılan danışıqları ləğv etdiyini açıqlayıb.
Hökumətin yaydığı bəyanatda bildirilib ki, qərar Trinidad və Tobaqo hökumətinin 10 dekabr tarixində ABŞ administrasiyası tərəfindən həyata keçirilən əməliyyatda iştirakına dair “tam və dəqiq məlumat” əldə edildikdən sonra verilib. Sözügedən əməliyyat zamanı ABŞ qüvvələri Karib dənizində Venesuelaya məxsus strateji məhsul olan nefti daşıyan tankeri ələ keçirib.
“Beynəlxalq hüququn kobud pozuntusu”
Venesuela hökuməti bəyan edib ki, bu əməl beynəlxalq hüququn ciddi şəkildə pozulması, dənizçilik və ticarət azadlığı prinsiplərinə açıq hücumdur. Rəsmi açıqlamada vurğulanır ki, bu cür addımlar dövlətlərin suverenliyinə və beynəlxalq dəniz hüququna ziddir.
Karakasın iddiasına görə, Trinidad və Tobaqonun Baş naziri Kamla Persad-Bissessar hakimiyyətə gəldiyi gündən Venesuelaya qarşı düşmən mövqedə olub. Bəyanatda qeyd edilir ki, bu siyasət çərçivəsində ölkə ərazisində ABŞ-a məxsus hərbi radar sistemləri yerləşdirilib və bu infrastruktur Venesuela neftini daşıyan gəmilərə qarşı blokada məqsədi daşıyıb. Venesuela tərəfi Trinidad və Tobaqonun ərazisinin faktiki olaraq ABŞ üçün “təyyarədaşıyan gəmi”yə çevrildiyini iddia edir.
Enerji sazişi ləğv edildi
Artan gərginlik və təhlükəli addımlar fonunda Venesuela Prezidenti Nikolas Maduro Trinidad və Tobaqo ilə enerji sahəsində imzalanmış çərçivə əməkdaşlıq sazişini ləğv edib. Bunun ardınca hökumət təbii qazın tədarükü ilə bağlı istənilən müqavilə, razılaşma və danışıqların dərhal dayandırılması qərarını verib.
Rəsmi açıqlamada qeyd olunur ki, bu addım Venesuela neftinin “açıq-aşkar talan edilməsinə” yönəlmiş son dərəcə ciddi hadisəyə cavab olaraq atılıb. Bəyanatın sonunda Karakas vurğulayıb ki, ölkə heç bir “müstəmləkəçi gücün və onun tərəfdarlarının” Venesuelanın toxunulmaz suverenliyinə və inkişaf hüququna müdaxilə etməsinə imkan verməyəcək.
ABŞ əməliyyatı və beynəlxalq şikayət
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən çərşənbə günü Venesuela sahilləri yaxınlığında “son dərəcə böyük bir neft tankerinin” ələ keçirildiyini açıqlamış və bunun “əsaslı səbəblərlə” edildiyini iddia etmişdi.
Bu hadisədən sonra Venesuela ABŞ ordusunun Karib dənizində neft daşıyan gəmiyə hərbi desant endirərək ələ keçirməsi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına (IMO) rəsmi şikayət təqdim edib.
