Dərman və Yanacaq Xərcləri Sürətlə Artır: Əhali 11 Ayda Rekord Vəsait Xərclədi

3 Dəq Oxuma Müddəti

Əhalinin adambaşına aylıq xərci 520 manata yüksəlib

Bu ilin yanvar–noyabr aylarında ölkədə adambaşına düşən aylıq istehlak xərci 520 manat təşkil edib. Bu məbləğin 54,5 faizi ərzaq, içki və tütün məmulatlarına, 45,5 faizi isə qeyri-ərzaq məhsullarına yönəlib. Statistikaya əsasən, əhali bir ayda orta hesabla ərzaq kateqoriyasına 283,5 manat, qeyri-ərzaq mallarına isə 236,4 manat xərcləyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin 11 ayı ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,5 milyard manatlıq məhsul satılıb. Bunun 31,9 milyard manatını ərzaq, içki və tütün məmulatları, 26,6 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib. Ərzaq xərcləri ötən illə müqayisədə 1,1 faiz, içki və tütün xərcləri isə 2,5 faiz artıb.

Beynəlxalq standartlara görə, istehlak xərcinin yarıdan çoxunun ərzaq məhsullarına yönəlməsi həm əhalinin gəlir səviyyəsinin aşağı olduğunu, həm də ərzaq inflyasiyasının davam etdiyini göstərir.

Yanacaq və dərman xərclərində ciddi sıçrayış

Qeyri-ərzaq seqmenti üzrə ən ciddi artımlar yanacaq, dərman və texnoloji məhsullar kateqoriyalarında qeydə alınıb. Bu ilin yanvar–noyabr aylarında əhali 3,52 milyard manatlıq yanacaq alıb. Yanacaq xərclərinin istehlak səbətindəki çəkisi 6 faiz olub və bu kateqoriya üzrə illik artım 7,7 faiz təşkil edib.

Ən kəskin artım isə dərman və tibbi ləvazimatlar üzrə müşahidə olunub. Əhali 11 ayda 1,42 milyard manatlıq dərman və tibbi məhsullar alıb. Bu göstərici ötən ilin eyni dövrünü 24,3 faiz üstələyir və son illərin ən yüksək artımlarından biri kimi qiymətləndirilir.

Geyim, texnologiya və digər qeyri-ərzaq mallarında dinamika

Geyim əşyaları üzrə pərakəndə satışın dəyəri 8,75 milyard manat olub və əvvəlki illə müqayisədə 5,3 faiz artıb. Bu seqment qeyri-ərzaq ticarətinin ən böyük hissəsini təşkil edir.

Texnoloji məhsullarda daha yüksək artım qeydə alınıb — kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının dövriyyəsi 1,7 milyard manata çatıb ki, bu da illik müqayisədə 29,4 faiz çoxdur.

Elektrik malları və mebel üzrə satışlar 2,83 milyard manat təşkil edib və 4,6 faiz artım müşahidə olunub. Digər qeyri-ərzaq malları kateqoriyasında isə dövriyyə 9,31 milyard manata yüksəlib.

Pərakəndə ticarətin ümumi mənzərəsi

DSK bildirir ki, hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satışları real ifadədə 3,7 faiz artaraq ümumi ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib. Pərakəndə ticarət müəssisələrində dövriyyə 7 faiz, fərdi sahibkarlıqda 1,2 faiz, bazar və yarmarkalarda isə 4,8 faiz artıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş