Büdcə gəlirləri proqnozu üstələyib, xərclər geridə qalıb
2025-ci ilin yanvar–noyabr aylarında dövlət büdcəsinin gəlirləri 35,6 milyard manat təşkil edib ki, bu da proqnozdan 324,6 milyon manat və ya 0,9 faiz çoxdur. Maliyyə Nazirliyinin açıqlamasına görə, eyni dövrdə büdcə xərcləri 31,4 milyard manat səviyyəsində icra edilib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2 faiz artıqdır.
- Büdcə gəlirləri proqnozu üstələyib, xərclər geridə qalıb
- Kəsir proqnozlaşdırılan büdcədə 4,2 milyardlıq artıq vəsait necə formalaşıb?
- “Təhsil və səhiyyə də daxil olmaqla bir çox sahələrdən kəsiblər”
- “Hökumət insanların daha çox gəlir əldə etməsini risk kimi görür”
- “Ən düzgün investisiya insanlara edilən investisiyadır”
Büdcə gəlirlərində əsas artım İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlar üzrə qeydə alınıb. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 15,3 milyard manata çataraq proqnozu 5,1 faiz (745,5 milyon manat) üstələyib. Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar isə 41,6 milyon manat olmaqla plana 32,5 faiz əlavə təminat yaradıb.
Dövlət Neft Fondundan 13,2 milyard manatlıq transfert tam icra olunub. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar isə gözləniləndən geri qalaraq 5,7 milyard manat təşkil edib (proqnozun 96,6 faizi).
Büdcədən maliyyələşən qurumların ödənişli xidmətlərindən daxilolmalar da 27,3 faiz az icra olunub və 592,3 milyon manat məbləğində reallaşıb.
Kəsir proqnozlaşdırılan büdcədə 4,2 milyardlıq artıq vəsait necə formalaşıb?
2025-ci ilin dövlət büdcəsi təsdiqlənərkən 3 milyard manatlıq kəsir nəzərdə tutulmuşdu. Lakin ilin 11 ayında bunun əvəzinə büdcədə 4,2 milyard manatlıq artıq vəsait yaranıb. Gəlirlər proqnozu cəmi 324,6 milyon manat üstələyib və bu, nəzərdə tutulmuş kəsirin yalnız 10 faizini bağlaya bilərdi. Deməli, artıq vəsaitin yaranmasının əsas səbəbi xərclərin tam icra edilməməsidir.
Bu il büdcə xərcləri 41,3 milyard manat həcmində proqnozlaşdırılsa da, indiyədək xərclərin yalnız 76 faizi həyata keçirilib. İlin əvvəlində Maliyyə Nazirliyi büdcədə qalan 1,5 milyard manat sərbəst vəsaitin banklara depozit kimi yerləşdirildiyini açıqlamışdı. Həmin məbləğ investisiya və sosial layihələr üçün nəzərdə tutulurdu.
Bu isə hökumətin “qənaət siyasəti”nin sərtliyi və məqsədləri barədə suallar doğurur.
“Təhsil və səhiyyə də daxil olmaqla bir çox sahələrdən kəsiblər”
İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, artıq vəsaitin yaranması xərclərin düzgün planlaşdırılmaması və onların ixtisarı ilə bağlıdır. O, həmin dövrdə büdcədə 5 milyard 170 milyon manatlıq artıq vəsait yarandığını xatırladaraq bildirir:
“Dövlət büdcəsinin bir çox xərcləri azaldılıb. Təhsil, səhiyyə, dövlət investisiyaları və digər sahələrdən müəyyən məbləğ kəsilib və indi bununla öyünürlər. Bu isə ölkənin real ehtiyaclarının ödənilməməsi deməkdir.”
Ekspertin fikrincə, dövlət büdcəsi vəsaiti toplamaq üçün deyil, ölkənin sosial və iqtisadi tələbatlarını qarşılamaq üçün mövcuddur. Neft Fondu və Mərkəzi Bank vəsait toplaya bilər, amma büdcənin funksiyası fərqlidir.
“Hökumət insanların daha çox gəlir əldə etməsini risk kimi görür”
Zöhrab İsmayıl bildirir ki, hökumət vətəndaşların gəlir səviyyəsinin yüksəlməsini təhlükə kimi qiymətləndirir:
“İnsanlar varlanmasa, ölkə də varlana bilməz. Gündəlik xərclənən pul iqtisadiyyata yönələn investisiyadır. Bizdə isə hökumət insanların daha çox pul qazanmasını arzuolunmaz hesab edir.”
O həmçinin qeyd edir ki, neft hasilatının azalması fonunda 2026-cı il üçün büdcə artımının cəmi 0,7 faiz olması iqtisadi riskləri artırır. Bu şəraitdə dövlətin əsas diqqəti iqtisadiyyata real investisiya yönəltmək olmalıdır.
“Ən düzgün investisiya insanlara edilən investisiyadır”
İqtisadçı hesab edir ki, büdcədə yaranmış artıq vəsaitin müəyyən hissəsi birbaşa vətəndaşlara yönəldilməlidir. Onun təklifinə görə, bu vəsait xüsusi elektron “cüzdan” vasitəsilə ayrılmalı və yalnız texnoloji avadanlıqlar, proqram təminatı və ölkədə istehsal olunan digər strateji məhsulların alınmasına sərf edilməlidir:
“Bu yanaşma həm idxalı azaldar, həm də yeni ixrac imkanları yaradar. İnsanlar öz ehtiyaclarına uyğun seçim edir və bu istiqamətlərin əksəriyyəti daxildə istehsal oluna bilər.”
Ekspertə görə, büdcə vəsaitinin istifadəsiz saxlanılması manatın alıcılıq qabiliyyətini zəiflədir və iqtisadiyyatda durğunluq riskini artırır.
