10 Saylı Həbsxanadan Ağır İttiham: “Yuxarının Tapşırığıdır”

4 Dəq Oxuma Müddəti

Məhbuslardan məhkəmə prosesi ilə bağlı ciddi ittihamlar

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan və siyasi məhbus kimi tanınan Cəfər Mirzəyev, Elvin İsayev, Şahin Hacıyev və Malik Rzayev vaxtından əvvəl azadlığa buraxılmaları ilə bağlı məhkəmə proseslərində qanunsuzluqlara yol verildiyini iddia ediblər.

Onların yaydığı müraciətdə bildirilir ki, həbsxana rəhbərliyi barələrində mənfi rəylər hazırlayıb, məhkəmə prosesində iştirak etməyən şəxslərin adından da fikirlər yekun sənədlərə və protokola daxil edilib. Bunlar müraciət müəlliflərinin iddialarıdır.

Məhbuslar dövlət qurumlarında “sistemli saxtakarlıqlarla” üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, qanunsuz hesab etdikləri hallarla bağlı etiraz etdikdə səlahiyyətli şəxslərdən “Bizlik deyil, yuxarının tapşırığıdır” cavabını eşidirlər.

“Yuxarı” dedikləri kimdir?

Müraciət müəllifləri bu ifadənin arxasında kimin dayandığını soruşur və qanuni hüquqlarından istifadə etmələrinin qarşısının məqsədli şəkildə alındığını iddia edirlər.

Onlar siyasi məhbus kimi tanınan şəxslərin əvvəlcə əsassız həbsə məruz qaldıqlarını, indi isə vaxtından əvvəl azadlığa çıxmalarının qarşısının alınması üçün yeni maneələrlə üzləşdiklərini bildirirlər.

Məhbusların iddiasına görə, Ədliyyə Nazirliyinin adından onların etmədikləri hərəkətlər barədə məlumatlar təqdim olunur, barələrində həqiqətə uyğun olmayan rəylər hazırlanır və məhkəmə prosesləri formal xarakter daşıyır.

Malik Rzayevlə bağlı təqdimata etiraz

Müraciətdə 10 saylı Cəzaçəkmə Müəssisəsinin məhkəməyə təqdim etdiyi rəylərin həqiqəti əks etdirmədiyi iddia olunur.

Malik Rzayevin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı müraciətinə baxılarkən müəssisə rəisi Emin Cəfərovun təqdim etdiyi sənəddə onun “mənfi xarakterizə olunan məhkumlarla ünsiyyətdə olduğu” göstərilib.

Müraciət müəllifləri bu qiymətləndirməni qəbul etmir və təqdim olunan məlumatların Rzayevin vaxtından əvvəl azadlığa buraxılmasına mane olmaq məqsədi daşıdığını iddia edirlər.

Beş dəqiqəlik məhkəmə ilə bağlı iddialar

Məhbusların müraciətində Nərimanov Rayon Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə videokonfrans formatında keçirilən prosesin cəmi beş dəqiqə davam etdiyi bildirilir.

Onların iddiasına görə, prosesdə Penitensiar Xidmətin nümayəndəsi kimi Vüqar Salamov göstərilsə də, həmin şəxs iclasda iştirak etməyib və onun əvəzinə başqa şəxs çıxış edib.

Müraciətdə məhkəmənin müşavirəyə getmədən qərar qəbul etdiyi də iddia olunur. Bundan başqa, məhbuslar qərar və məhkəmə protokolunda proses zamanı səsləndirilməyən fikirlərin yer aldığını bildirirlər.

Vəkilin adından da ifadələrin yazıldığı iddia edilir

Müraciətdə irəli sürülən digər ittiham vəkillə bağlıdır. Məhbusların sözlərinə görə, vəkil proses zamanı çıxış etmədiyi halda yekun sənəddə onun adından ifadələr qeyd olunub.

Eyni zamanda məhkəmə iclasında iştirak etmədiyi bildirilən Penitensiar Xidmət nümayəndəsinin adından Malik Rzayevin müraciətinin rədd olunmasının istənildiyi iddia edilir.

Dövlət ittihamçısı Elşad Ağayevin də ərizənin təmin edilməməsini istədiyi bildirilir.

“Azadlığa çıxmağımızın qarşısı alınır”

Müraciət müəllifləri bütün bu halların onların vaxtından əvvəl azadlığa çıxmasına mane olmaq məqsədilə şüurlu şəkildə həyata keçirildiyini iddia edirlər.

Məhbuslar müraciətlərində “yuxarıdan tapşırıq” verdiyi deyilən şəxsin kimliyini müəyyən edə bilmədiklərini bildirərək baş verənləri “37-ci il sindromu” ilə müqayisə ediblər. Bu ifadə və qiymətləndirmə müraciət müəlliflərinə məxsusdur.

Azərbaycanda 328 nəfər siyasi məhbus sayılır

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqının 2026-cı ilin mayında açıqladığı siyahıda 328 nəfər siyasi məhbus hesab edilir. Siyahının hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov tərəfindən hazırlandığı və Avropa Şurası Parlament Assambleyasının siyasi məhbus meyarlarına əsaslandığı bildirilir.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi fəaliyyətlərinə və baxışlarına görə həbs edilməsi barədə iddiaları qəbul etmirlər. Rəsmi mövqeyə görə, siyasi məhbus kimi təqdim olunan şəxslər konkret cinayət əməllərinə görə mühakimə olunublar.

Məhbusların son müraciətində irəli sürdükləri konkret ittihamlara 10 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətin cavabı təqdim olunan məlumatlarda yer almır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş