Yəmən Müdafiə Nazirliyi işğal altındakı Fələstinə doğru gedən gəminin keçidinin bağlandığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Müdafiə Nazirliyi bazar günü bu barədə açıqlama verib:
“Bizim xəbərdarlığımıza məhəl qoymayan gəmi tərəfindən müvafiq cavab verildi. Yəmən ordusu bu gəminin keçidini kəsdi və onu geri dönməyə məcbur etdi”.
Bu kontekstdə sionist rejim qəzetlərindən biri olan Yediot Aharanotun internet saytında məlumat verilib ki, Yəmən ordusu bu gün bir gəminin işğal olunmuş ərazilərə keçməsinin qarşısını alıb.
Digər tərəfdən, Qətərin Əl-Cəzirə kanalı bu səhər Yəmənin Ənsarullah hərəkatına yaxın mənbələrə istinadən bu açıqlamaları verib:
“Bu ölkənin ordusu işğal altındakı bölgələrə gedən bir gəmiyə xəbərdarlıq edərək, onu öz istiqamətini dəyişməyə məcbur edib.
Yəmən silahlı qüvvələri bu gəmiyə PUA göndərib və bu PUA-nı gördükdən sonra ekipaj kursunu dəyişməli və işğal altındakı Fələstinə getməyi dayandırıb Qırmızı dənizdən keçib geri qayıtmalı olub."
Qeyd edək ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Seri şənbə gecəsi verdiyi açıqlamada, “Qəzzanın qida və tibbi ehtiyacları qarşılanmasa, milli mənsubiyyətindən asılı olmayaraq işğal altındakı Fələstinə gedən gəmilərin keçidini əngəlləyəcəyik. Bu gəmilər silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək.
Dəniz naviqasiyasının təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, biz bütün gəmiləri və şirkətləri İsrail limanları ilə qarşılıqlı əlaqədə olmamaq barədə xəbərdar edirik.
Yəmən Silahlı Qüvvələri, İsrailə gedən və ya İsrail limanlarına mal daşıyan gəmilər istisna olmaqla, bütün gəmilər və bütün ölkələr üçün Qırmızı dəniz və Oman dənizi vasitəsilə qlobal ticarət daşımalarını davam etdirməyə tam sadiqliyini bir daha təsdiqləyir".