İşğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində yəhudi köçkünlər fələstinlilərin evlərinə və maşınlarına hücum edib.
Az.rasthaber.com xəbər verir ki, şahidlərin sözlərinə görə, bir qrup yəhudi köçkün İsrail qüvvələrinin nəzarəti altında olan Beyt El keçid məntəqəsində fələstinlilərin maşınlarına hücum edərək, onların şüşələrini sındırıb.
Ramallah yaxınlığındakı Beytin kəndində yəhudi köçkünlər fələstinlilərin evlərinə hücum ediblər. İsrail əsgərləri hücuma müqavimət göstərmək üçün kəndin girişində toplaşan fələstinliləri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək dağıtmağa çalışıb. Bəzi fələstinlilər qazdan boğulub.
Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərdə yəhudi köçkünlərin Selfitin qərbindəki Haris kəndinin girişində fələstinlilərə məxsus avtomobillərə hücum etdiyi qeyd edilib.
İordan çayının qərb sahilinin şimalında yerləşən Kalkylya-Nablus yolunda başqa bir qrup köçkünün toplaşaraq fələstinlilərin keçməsinə mane olduğu da xəbərdə bildirilib.
BMT-nin məlumatına görə, 2023-cü ilin əvvəlindən iyulun 4-dək yəhudi köçkünlər fələstinlilərə və onların mülklərinə qarşı 525 hücum təşkil edib.