Bunu Çeçenistan lideri Ramzan Kadırov deyib
Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov Vladimir Putinin Rusiyanın ömürlük prezidenti seçilməsini təklif edib.
O, bunu Konstitusiya dəyişikliklərinə dair referendum üçün rəsmilərlə görüş zamanı deyib.
"Mən həmişə demişəm ki, biz Vladimir Putini ömürlük prezident seçməliyik. Bu gün onu kim əvəz edə bilər? Qlobal miqyasda belə bir siyasi lider yoxdur. Fəxr etməliyik. Çeçenistan Respublikası bugünkü kimi tarixdə heç vaxt olmamışdı. Çünki bu gün qanunun aliliyi olan Rusiya Federasiyasının vətəndaşlarıyıq" - deyə, o qeyd edib.
Kadırov bildirib ki, Konstitusiyaya edilən hər hansı dəyişiklik sadəcə dəyişikliklər naminə təqdim edilmir. Bu, "dövləti və konstitusiyanı qorumaq üçün dövlətin mövqeyini gücləndirmək naminə" edilir. Çeçenistan rəhbəri düzəlişlərdən birinin Putinin prezidentlik müddətinin ləğvi ilə əlaqəli olduğunu və seçkidə qalib gələcəyi təqdirdə prezident seçilməsini davam etdirməsinə imkan verəcəyini dəqiqləşdirməyib.
"Bütün qohumlarıma və dostlarıma demişəm və deyirəm: hər birimiz gedib səs verməliyik. Kimsə düzəlişlərə səs vermək üçün ailəsi ilə birlikdə getməsə, deməli övladlarının taleyi onları maraqlandırmır" - deyə, o açıqlayıb. "Ailə institutunu gücləndirin. Konstitusiya övladlarımızı vətənpərvərlik, mənəviyyat, fiziki və intellektual cəhətdən inkişaf etdirməyimizə imkanı verir. Başqa nəyə ehtiyacımız var?" - deyə, Kadırov fikirlərini tamamlayıb.