“Siz dezinformasiyanın nə olduğunu bilmirsiniz. Dünya tarixində dezinformasiyanın əsas mənbəyinin kim olduğunu bilirsiniz? Bu ABŞ hökumətidir”
Bir müddət öncə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi dezinformasiyaya qarşı mübarizə üçün şura yaradıldığını elan edib.
Daxili Təhlükəsizlik Nazirliyinin daxilindəki bu işçi qrupu söz azadlığını və digər vətəndaş hüquqlarını qoruyaraq dezinformasiyaya qarşı mübarizə sahəsində nazirliyin səylərini koordinasiya edəcək.
“The Washington Post”un yazdığına görə, şuranın necə işləyəcəyi ilə bağlı ətraflı məlumatın olmadığından bəzi respublikaçılar onun yaradılması qərarını tənqid edərək, şuranı dövlət senzurası üçün potensial vasitə və söz azadlığına təhlükə kimi qiymətləndiriblər.
Daxili Təhlükəsizlik Nazirliyinin yeni təşəbbüsünü tənqid edənlər arasında Rand Paul da yer alıb.
ABŞ Senatının iclasında ölkənin daxili təhlükəsizlik naziri Alehandro Mallorkasın çıxışı zamanı senator icra hakimiyyəti orqanının dezinformasiyanın nədən ibarət olduğunu dəqiq necə müəyyənləşdirmək niyyətində olduğunu soruşub.
“Siz dezinformasiyanın nə olduğunu bilmirsiniz. Dünya tarixində dezinformasiyanın əsas mənbəyinin kim olduğunu bilirsiniz? Bu ABŞ hökumətidir”, - deyə senator bildirib.
“Son 50 ildə ölkəmizdə olan bütün mübahisələr və debatlar haqqında düşünün. Mənə sizin müdafiə mexanizmləriniz lazım deyil. Sizcə, amerikalılar o qədər axmaqdırlar ki, onlara həqiqəti məhz sizin söyləməyiniz lazım olsun?" - deyə senator Rand Paul sözlərinə əlavə edib.