Ukrayna və İran Ukraynaya aid təyyarənin "qaçırılma" iddialarını təkzib edib.
Rasthaber Azərbaycan bbc-yə istinadən xəbər verir ki, İranın Mülki Aviasiya İdarəsinin sözçüsü Mohammad Zibakhsh deyib ki, "Biz İran Ukrayna təyyarəsinin Əfqanıstandan qaçırılmasını və İrana daxil olmasını təkzib edirik,"
Eyni zamanda, Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Oleg Nikolenko da Ukrayna xəbər agentliyinə müsahibəsində bu iddiaları təkzib edib.
"Kabul və ya Əfqanıstanın digər bölgələrindən Ukrayna təyyarəsi qaçırılmayıb və bəzi mətbu orqanlarda dərc edilən məlumatlar həqiqətə uyğun deyil", - o deyib.
Çərşənbə axşamı günü Ukrayna xarici işlər nazirinin müavini Yegveniy Yenin Ukraynanın İctimai Radiosuna müsahibəsində demişdi ki, ölkəsinə məxsus təyyarə bazar günü digər şəxslər tərəfindən ələ keçirilib.
"Çərşənbə axşamı təyyarəmiz əslində oğurlandı - təyyarə ukraynalıları aparmaq əvəzinə göyərtəsində naməlum sərnişinlərlə ilə İrana uçub. Vətəndaşları təxliyə etmək üçün növbəti üç cəhdimiz də uğursuz oldu, çünki sərnişinlərimiz hava limanına daxil ola bilmirdilər", - Yegveniy Yenin həmin müsahibədə söyləyib.
İranın Mülki Aviasiya İdarəsinin sözçüsü deyib ki, "dünən təyyarə Tehrana yanacaq doldurmaq üçün enib və saat 2-də Kiyevə çatıb".
Ukraynanın Xarici İşlər Nazirliyi nazir müavinin "təyyarənin qaçırılması" ilə bağlı açıqlamasını cənab Yeninin "ümumilikdə, Ukrayna vətəndaşlarının Əfqanıstandan çıxarılması ilə bağlı çətin vəziyyətə istinad etməsi" ilə izah edib.