Türkiyədə güclü zəlzələ: Ölən və yaralananlar var

Türkiyədə güclü zəlzələ: Ölən və yaralananlar var

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) Muğlanın Marmaris rayonu sahillərində, Aralıq dənizində 5,8 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, məlumata görə, zəlzələnin episentri Muğlanın Marmaris sahilləri yaxınlığında yerləşib və yerin 67,91 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 02:17-də baş verib.

Zəlzələ ətraf vilayətlərdə də hiss olunub. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə ilə bağlı açıqlama verərək bildirib: “Zəlzələnin hiss olunduğu bölgələrdə, valilik və AFAD-ın əlaqələndirməsi ilə sahə yoxlamaları davam etdirilir. İlk qiymətləndirmələrə görə, yaşayış binalarında dağıntı qeydə alınmayıb.”

Fethiye rayonunda panik atak keçirən 14 yaşlı Afranur Günlü adlı qız xəstəxanaya yerləşdirilib, lakin həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.

Muğla və ətraf rayonlarda, qorxu və panik səbəbilə hündürlükdən atılan və müxtəlif xəsarətlər alan 69 nəfərdən 14-nə yerində yardım göstərilib, 8 nəfər ambulator müalicə alaraq evə buraxılıb, 46 nəfərin isə xəstəxananın təcili yardım şöbəsində müalicəsi davam edir.

Nazir sonda bunları əlavə edib:
“Həyatını itirən Afranur qızımıza Allahdan rəhmət, ailəsinə səbir və başsağlığı diləyirəm. Zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. Allah ölkəmizi və millətimizi təbii fəlakətlərdən qorusun.”

Xəbəri paylaş

VİDEOLAR