Türkiyənin Tehrandakı səfiri İran Qızıl Aypara Cəmiyyətinin prezidentini ziyarət edərək, Türkiyədə zəlzələdən zərərçəkənlərə göstərdiyi dəstəyə və yardıma görə İran xalqına təşəkkür edib.
Az.rasthaber.com xəbər verir ki, Türkiyənin İrandakı səfiri Derya Örs Pir Hüseyn Kulivəndlə görüşündə deyib:
"Türkiyədə baş verən zəlzələdən sonra İran Qızıl Aypara Cəmiyyətinin xilasetmə qrupları və İranın bəzi hərbi və mülki təşkilatları sürətlə Türkiyəyə gedib. Komandalar xilasetmə tədbirləri görərək çoxlu sayda insanımızın həyatını xilas ediblər. İran Adıyamanda səhra xəstəxanası açaraq xalqımızın köməyinə çatdı. İranın zəlzələdən zərər çəkənlərə göstərdiyi yardım bizim üçün unudulmazdır”.
Derya Örs sözlərini belə davam etdirib:
"Allahdan İran xalqını pis günlərdən uzaq tutmasını diləyirik. Ölkələrimiz qəzalara meyllidir və biz zəlzələ baş verməmişdən əvvəl müvafiq tədbirlər görməliyik.
Bu zəlzələ dəhşətli oldu və Türkiyənin iki böyük şəhərinin dağılmasına səbəb oldu. İran Qızıl Aypara Cəmiyyətinin prezidenti də zəlzələ bölgəsinə gələrək zəlzələ qurbanlarının vəziyyətini görüb.
Bu çətin günlərdə bizimlə olduğunuz üçün bir daha təşəkkür edirəm".