“Taliban” terror təşkilatı ABŞ-ı düşmən olaraq görmür.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin daxili işlər naziri Siracəddin Həqqani CNN-ə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, son 20 ilin Əfqanıstan üçün mübarizə və müharibə şəraitində keçməsinə baxmayaraq, “Taliban” ABŞ və ümumilikdə beynəlxalq ictimaiyyətlə müsbət münasibətlərə can atır.
Həqqani deyib ki, “Taliban” ABŞ-ı düşmən olaraq görmür, lakin əfqanıstanlıların ABŞ-ın niyyət və məramlarına qarşı müəyyən şübhələri var.
O qeyd edib ki, beynəlxalq hüquqa əassən, Əfqanıstan və onun xalqnın öz azadlığının müdafiəsi ilə bağlı qanuni haqqı var.
“Əfqanıstan ABŞ və onun müttəfiqləri üçün yenidən terror təhdidi mənbəyi olacaqmı” sualının cavabında Həqqani ölkə daxilindəki mövcud təhdidlərə işarə edib.
O zəmanət verib ki, Əfqanıstan heç kəsə qarşı təhlükə və təhdid mənbəyi olmayacaq.
Həqqani bildirib ki, “Taliban” 2020-ci ildə Dohada ABŞ-la imzaladığı və Əfqanıstanın “amerikalılara qarşı yönəlmiş terrorçular üçün sığınacağa” çevrilməsinə imkan verilməyəcəyinə dair öhdəliyin də daxil olduğu sazişə riayət etmək niyyətindədir.