ABŞ hərbi qüvvələrinin çərşənbə axşamı bildirdiyinə görə, dron vasitəsi ilə həyata keçirilən zərbə nəticəsində yaraqlı qrupun yüksək səviyyəli beş liderindən biri olan İŞİD lideri öldürülüb.
Az.rasthaber.com voa-ya istinadən xəbər verir ki, onun yaxın silahdaşlarından birinin ağır yaralandığı bildirilib.
ABŞ-ın Mərkəzi Komandanlığı açıqladığı bəyanatda bildirib ki, Mahir Əl-Aqal Suriyanın şimal-qərbində Cindayris yaxınlığındakı əraziyə edilən hücum zamanı öldürülüb.
“Bu əməliyyat onun uğurla həyata keçirilməsini təmin etmək üçün diqqətlə planlaşdırılıb. İlkin təhlillər mülki itkilərin olmadığını göstərir,” bəyanatda deyilir.
ABŞ Əl-Aqalın İraq və Suriyadan kənarda İŞİD şəbəkələrinin inkişafına cavabdeh olduğunu bildirib.
“Zərbə ABŞ-ın regiona və İŞİD-in davamlı məğlubiyyəti işinə sadiqliyini bir daha təsdiqləyib. İŞİD liderlərinin məhvi terror təşkilatının qlobal hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini sarsıdacaq” – deyə, Mərkəzi Komandanlığın sözçüsü, polkovnik Co Buççino bildirib.
Sözçü onu da əlavə edib ki, “İŞİD ABŞ və regiondakı tərəfdaşlar üçün təhlükə yaratmaqda davam edir”. Buççino ABŞ-ın “bölgədə davamlı mövcudluğunu qoruduğunu və regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizəni davam etdirəcəyini” deyib.